AZ

Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb YENİLƏNİB

Çernobbio, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulandı. Bildirildi ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən “yaşıl enerji” sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulandı.

Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlandı, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirildi.

Seçilən
126
20
azertag.az

10Mənbələr