AZ

"Tənbəllik" müzakirə mövzusuna necə çevrildi? - Qismət


Kulis.az Qismətin "XXI əsrdə “Oblomov”" yazısını təqdim edir.

Yeni dərs mövsümü başlayır: sənədlərimi, cədvəlimi, oxunmalı və alınmalı kitablar qovluğumu səliqə-sahmana salanda, ötən ildən kənara qoyduğum bir kitab özünü irəli verdi. Bu, 2021-ci ildə, İnqrid Klispis və Lyudmila Partsın redaktorluğu ilə Bostonda nəşr olunan “XXI əsrdə Qonçarov” (Goncharov in the Twenty-First Century) adlı monoqrafiyadır. Bu kitabın həm redaktorları, həm də içində təhlil yazıları toplanmış müəlliflər XVIII-XIX əsrin rus ədəbiyyatı və mədəniyyəti, eləcə də romantizm, səyahət ədəbiyyatı, simvolik məkanlar, bədii əsərlərin fəlsəfi kökləri barədə ciddi tədqiqatlar aparan alimlərdir.

Bu qiymətli kitab Qonçarovun əsərlərini, xüsusilə, dünyaca məşhur “Oblomov” romanını XXI əsrin tənqidi istiqamətləriylə təhlil edən yazılar toplusudur. Qonçarovun əsərlərinə uzun müddət ancaq vulqar-sosioloji metodla, Dobrolyubovun “Oblomovçuluq nədir?” məqaləsinin solğun işığında baxıblar. Bizdə indi də belə baxanlar var. Ancaq bu monoqrafiya göstərir ki, dünyanın aparıcı elm və sənət ocaqlarında bədii mətnin dəyərini onun yalnız zahiri gerçəkliyə oxşamasıyla və yalnız sosial problematikasıyla qiymətləndirmək çoxdan keçilmiş mərhələdir. Bu, bədii əsərin sosial yükünü inkar etmək yox, onu dəyərini müvəqqəti olana bağlamaqla bağlı məsələdir. Kitabın redaktorları yazır ki, əgər Qonçarovun “Oblomov”romanı ancaq Rusiyada sıradan çıxmaqda olan zadəganlar sinfinin tənqidi olsaydı, onda bu gün böyük ədəbiyyat siyahılarına düşməz, tədqiqatçıları cəlb etməz, oxunduqca oxunmaz, yozulduqca yozulmaz, bir sözlə, müzakirə mövzusu olmazdı. Bu yanaşmanı, bu qənaətləri hələ sözügedən kitabın varlığından xəbərimiz olmadan əziz dostum-qardaşım, böyük Fəxri Uğurluyla çox müzakirə etmişik.

İndi alimlər Qonçarovu fəlsəfi cərəyanların, post-kolonializmin, səyahət ədəbiyyatının, kvir tədqiqatların işığında oxuyub yeni və daha dərin qənaətlərə gəlirlər. Kitabın resenzistlərindən biri yaxşı deyib: bu kitab Qonçarovun oxucularını ənənənin komfort divanından qaldırır, düşüncə tənbəlliyindən xilas edir.

Vladimir İvantsov, Sonya Koroliov kimi alimlər “Oblomov” romanını Platon, Hegel, Şopenhauer və Derridanın işığında şərh ediblər. Bu araşdırmalar göstərir ki, Qonçarov öz dövrünün sosial mühitiylə yanaşı, zamanın fəlsəfi ruhuna da çox yaxşı bələd olub.

Bu gün Qonçarov öz həqiqi, layiqli qiymətini alır və onun dünyaca məşhur “Oblomov” romanı Platonun ideyalar nəzəriyyəsiylə, Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərindəki arzu fəlsəfəsiylə, Jak Derridanın “fərq və ertələmə” anlayışlarıyla təhlilə çəkilir.

Qabığı yox, nüvəni nişan verən kitabları tanıtmağa davam edəcəyik!

Seçilən
147
kulis.az

1Mənbələr