AZ

Paytaxtda skuter xaosu - "Hara gəldi atıb gedirlər, cərimə tətbiq olunmalıdır"

Son günlər paytaxtda JET skuterlərin sayı artırılıb. Lakin bu nəqliyyat vasitəsindən istifadə edənlər onları hara gəldi atıb gedirlər.

Belə ki, tez-tez dayanacaqların qarşısında, metro çıxışında, marketlərin önündə və s. yerlərdə skuterlərin nizamsız şəkildə atılıb qaldığını görməık olar.






"20 Yanvar" metrosunun çıxışı, yaxınlıqdakı “Bravo” marketin qarşısında mənzərə isə daha acınacaqlıdır. Günün pik saatlarında, insanların işdən çıxıb evə getdiyi bir zamanda orada hər tərəfdə atılmış skuter görə bilərsiniz. Bu isə gediş-gəlişə maneəçilik törədir və paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur.

Bəs, bu məsələyə kim nəzarət etməlidir? Skuterlərin piyadaların hərəkətinə mane olmaması üçün hansı tədbirlər görülməlidir?



Məsələ ilə bağlı Bakupost.az –a nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.


Onun sözlərinə görə, artıq kiçik mühərrikli nəqliyyat vasitələri, elektron skuterlərlə bağlı qanun qüvvəyə minib:

“İnzibati Xətalar Məcəlləsində, həmçinin "Yol hərəkəti haqqında" qanuna da dəyişikliklər olunub:

"Belə məsuliyyətsiz hərəkət edən şəxslər cərimələnə, skuterləri icarəyə verən şirkətlərə isə müvafiq sanksiyalar tətbiq oluna bilər. Bu məsələ ilə bağlı Yol Patrul Xidmətinin əməkdaşları fəal olmalıdırlar. Bu cür intizamsız skuter, elekton “samokat”, kiçik mühərrikli nəqliyyat vasitələrini idarə edən vətəndaşlara qarşı ciddi tədbirlər görülməlidir. Həmin nəqliyyat vasitələri üçün qanuni yerlər müəyyənləşdirilməlidir. Skuterlər hara gəldi atılmamalıdır. Həmin şirkətlər bilməlidirlər ki, onlar da məsuliyyət daşıyırlar”.





Nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, skuterlərin parkinqi üçün xüsusi yerlər olmalı, oraya nəzarətçilər qoyulmalıdır:

“Bu artıq ciddi bir problemə çevrilib. Özüm də şahidi oluram. Skuterləri parklarda, istirahət məkanlarında hara gəldi atıb gedirlər. Ancaq onların parkinqi üçün xüsusi yerlər olmalıdır. Oraya nəzarətçinin qoyulması daha yaxşı olardı. Bu olmadığına görə, istifadə edənlər yolda, parkda və s. skuteri tullayıb gedirlər. Hətta parka gələn uşaqlar ondan oyuncaq kimi istifadə edirlər. Ən böyük problem istifadəçilərlə bağlıdır. Dəfələrlə görmüşəm ki, onlar skuteri hətta yolun hərəkət istiqamətində atıb gedirlər. Bu nə deməkdir?!”


Ekspert vurğulayıb ki, birinci növbədə təbliğat işləri aparılmalıdır:

“İkincisi, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı əlavə maddə salınıb. Skuterləri parklama yerlərində saxlamamağa görə 10 manat cərimə nəzərdə tutulur. Cərimə olmasa, bu adamlar düzəlməyəcək. Əminəm ki, bununla bağlı tədbirlər gücləndirilsə, nəticəsi olar. Bu mədəniyyətsizliyə son qoyular”.




Aygün Nəbiyeva
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
bakupost.az

7Mənbələr