AZ

SUMQAYITDA “YAŞIL SOYQIRIM” - Şəhərdə ağaclar kütləvi şəkildə məhv edilir / Video

Sumqayıt şəhər icra hakimiyyətinin 200-250 metr yaxınlığında yerləşən 4-cü məhəllənin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər ərazidə ağacların kütləvi şəkildə məhv edildiyini yazırlar:

“Biz sakinlər, yazaraq sizdən xahiş edirik ki, yaşadığımız problemi işıqlandırıb, bizə kömək göstərəsiniz.

Belə ki, hazırda yaşadığımız binanın dam örtükləri sökülür, ağaclar isə məhv edilir.

Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik, lakin şikayətimizə baxılmır. Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan cavab gözləyirik.

Onu da qeyd edək ki, ağacların kəsilməsi və zədələnməsi prosesi əsasən gecə saatlarında baş tutur”.

Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib. Məsələnin araşdırılacağı bildirilir.

P.S. "Təbiətin ağciyərləri" adlandırılan ağaclar çevrəmizdə oksigen balansının təmin olunmasında əsas rol oynayır. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, inzibati məsuliyyət yaratmaqla, 45 min manatadək cərimə ilə nəticələnə bilər.

Qanunsuz ağac kəsmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla, 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

Qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin.

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
96
hurriyyet.az

1Mənbələr