Noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Nyu-York İqtisadi Klubunun təşkil etdiyi proqramda çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çıxışında noyabrda keçiriləcək prezident seçkilərindən sonra qalib gələcəyi halda, ölkənin Milli təhlükəsizliyi üçün lazım olan bütün materialların ABŞ-də istehsal olunacağını və milyonlarla yeni istehsalat iş yeri yaradacağı barədə danışıb.
Nümunə olaraq F-35 döyüş təyyarəsi proqramını göstərən Tramp, bu təyyarəni istehsal etmək üçün bir neçə ölkə ilə əməkdaşlıq etdiklərini və bunu artıq tək başına müstəqil yerinə yetirməli olduqlarını qeyd edib.
Qeyd edək ki, F-35 yeni nəsil döyüş təyyarələrinin istehsalı Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Danimarka və Norveç də daxil olmaqla ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli proqramdan ibarətdir. Tramp çıxışında həmçinin noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə milyarder İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacağını bildirib. Bu açıqlamadan sonra Mask bu gün "X" hesabında "Fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm" deyə paylaşım edib.