“İndiyə kimi ən az namizəd budəfəki parlament seçkilərində mənə müraciət etdi”.
Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib. Astroloq ona müraciət edən namizədlərin 4-nün deputat seçildiyini bildirib:
“ 8 nəfər mənə müraciət etmişdi. Onların astroloji xəritəsinə baxdım və ikisini şanssız saydım. Üstəlik, həmin 2 nəfərin namizədliyi qeydə alınmadı. Amma digər 6 nəfərin deputat seçilmə şansı var idi.
Onlardan da birinin namizədliyi təsdiqlənmədi. Nəticədə, mənə müraciət edənlərdən 5 nəfər seçkilərdə mübarizə apardı. Həmin 5 nəfərdən 4-ü son nəticələrə əsasən hazırda lider namizədlərdir. Seçilməyən bitərəf namizədin də rəqibləri çox reytinqli idi. 4 nəfərdən ikisi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, digərləri isə bitərəf idilər.
Nəzakət qaydalarını pozaraq ad çəkmək istəmirəm”.
O, əvvəlki illərdə keçirilən parlament seçkilərində daha çox müraciətlə qarşılaşdığını etiraf edib:
“Əvvəlki parlament seçkilərində mənə müraciət edənlərin sayı 20-30 nəfər olurdu. Bu isə cəmi 8 nəfər idi. Mən astroloji xəritə ilə baxıram, seçilib-seçilməyəcəyini deyirəm.
Astrologiya rəqibləri də nəzərə alaraq qalibin kim ola biləcəyini göstərə bilir. İndiyə kimi mənə müraciət edən hər 10 nəfərdən ən azı 7-si seçilirdi”.
Həmsöhbətimiz buna görə heç bir ödəniş almadığını da söyləyib:
“Deputat seçilənlər mənə heç bir jest etmir. Daha çox şəxsi münasibəti nəzərə alaraq deyirlər. Deputat seçiləndən sonra onlarla əlaqə demək olar ki, azalır. Sadəcə bunun müqabilində yemək yeyərik və ya çay içərik.
Ümumiyyətlə, deputatdan nə isə xahiş etməyi sevmirəm. Yəni sadəcə soruşduqları üçün proqnoz verirəm. Astrologiyanı öyrənməkdə əsas məqsədim pul qazanmaq deyil, insanları maarifləndirməkdir”.
Səbuhi Rəhimli heç bir dairədə seçkilərin nəticələrinin ləğv olunmayacağını proqnozlaşdırıb:
“Heç bir dairənin nəticələri ləğv olunmayacaq. Sadəcə, bir neçə məntəqənin nəticələri ləğv oluna bilər.
Hazırda lider olan namizədlərin heç biri deputatlıqdan məhrum olmayacaq.
Milli Məclisin VII çağırışı 125 deputatla başlayacaq. Yəni kimsə dairənin ləğvi səbəbindən deputatlıqdan məhrum olan olmayacaq”.