AZ

Bəstəkar Həbib Həbibov: "Ailəm sənətimi ciddi qəbul eləmirdi"

Musiqinin insan həyatındakı rolu və yeri əvəz edilməzdir. Bu gün həyatımızın böyük hissəsini həsr etdiyimiz sosial şəbəkələr, yeni simaları, gənc musiqiçiləri tanımağımızda böyük rol oynayır. Elə bu günkü həmsöhbətimiz də, uzun müddətdir sosial şəbəkələrdə  "Maskalı pianoçu" kimi məşhurlaşan gənc pianoçu Həbib Həbibovdur. H.Həbibov kiçik yaşlarından musiqi ilə məşğul olub, eyni zamanda bəstəkar olaraq fəaliyyət göstərir.

Yeniazərbaycan.com-un əməkdaşı pianoçu Həbib Həbibov ilə müsahibəni təqdim edir:

Öncə özünüz haqqında məlumat verin, oxucular sizi daha yaxından tanısınlar.

- Mən Həbib Həbibov. Uşaqlıqdan  pianino ifa edirəm. Çətin də olsa bu arzuma çata bildim. Ən böyük arzum fəaliyyətimi  daha geniş şəkildə həyata keçirtməkdir.

 Həbib bəy, bildiyim qədər musiqi təhsiliniz yoxdur, bunu özünüzə maneə kimi qəbul etmisiniz?

 - Xeyr. Özümə inanıram.

Bəs bu sahə üzrə sənətkarların təhsilinizin olmamasına münasibəti necədir?

 - Müsbət fikirlər çox alıram, lakin arada mənfi rəylər də olur. Mənfi fikirlər elə də maraqlı deyil mənim üçün. Elə vaxtlar olur  özümə özümə tənqidlə yanaşıram.

Bakı auditoriyası sizi necə dinləyir?

- Münasibət yaxşıdır. Bir çox adamlarla əlaqələrim var.

Həbib bəy,  atanız da musiqiçi olub. O musiqiçi olmasaydı, siz də pianoçu olmazdınız?

- Yəqin ki olmazdım. Atamla mahnılar dinləyirdik. O, ilk dəfə musiqi əsərini qoşanda məndə qəribə hisslər yarandı. Hardasa 6-7 yaşım olardı. Deyərdim ki, elə ilk dəfə  musiqi duyumum o vaxt oldu. 6-7 yaşdan dinləməyə, 13 yaşımdan isə pianino ifa etməyə başladım. Bu sahəyə ilk olaraq sadə musiqiləri  ifa edərək gəldim.

Bəs, klassik musiqilər?

- Klassik musiqiləri 2020-ci ildən ifa etməyə başlamışam.

Dinləyiciləri ən çox maraqlandıran məqamlardan biri də sizin maskada olmağınızdır. Maskada olmağınıza  səbəb nədir?

-Obraz olaraq seçmişəm. Dinləyəcilər çox istəyiblər maskamı çıxardım, lakin heç vaxt bunu etməmişəm.

 Musiqiçilər ilə birgə layihə həyata keçirmək niyyətiniz varmı?

 - Musiqiçilərlə solo konsertlər verirəm. Bu sahədə  gələcəklə bağlı planlarım çoxdur.  Həm ölkəmizdə, həm də xarici  ölkələrdə konsertlər verməyi düşünürəm.

Hansı bəstəkarlardan ilhamlanırsız?

- Bəstələrimdən heç birini sevmirəm. Bethovenin, Şopenin əsərlərini dinləyirəm. Ümumi desək keçmiş və xarici bəstəkarlardan ilhamlanıram.

Başqa hansı sahə ilə məşğul olursunuz?

-Rabitəçiyəm. Düzdür musiqi sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvələr ailəm sənətimi ciddi qəbul etmirdi. Hətta, onlara bu mənasız gəlirdi.  Pianino almaq istədim, ailəm razılaşmadı və bir müddət onlarla əlaqəmi kəsdim. Hətta, bir müddət evə getmədim, lakin arzuma çatdım. Hazırda bu sənətlə gündəlik olaraq məşğul oluram.

 Çıxışlarınızdan razısınız?

- Son  konsertimdə əvvəlkiyə nisbətən  xeyli dinləyici var idi. Bu məndə motivasiya yaratdı. Yəni nəticə istədiyimdən də yaxşı oldu. Növbəti konserti qış aylarında təşkil etməyi düşünürəm.

Konsertinizdə olan dinləyicilərdən biri də mən idim. Daha çox mənə 90-cı illəri xatırlatdınız. Həm musiqilər, həm tərziniz. Bu nə ilə bağlıdır?

 - Mənə elə gəlir ki, 2024-cü ildə yaşamıram. Ruhum sanki 90-cı illərdə qalıb. Belə olduğum üçün bəzən təssüflənirəm. O dövrlərin abu-havası, insanları  mənə çox doğma gəlir.

Sənət sahələri bir-biri ilə bağlıdır deyirlər. Ədəbiyyatla aranız necədir?

  - Gözəldir, hətta özüm də kitab yazıram. Daha çox bədii janra üstünlük verirəm. Hazırda ssenari yazıram. Gələcəkdə bu ssenari əsssında yeni layihələr düşünürəm.

Müasir dövrdə sənət baxmından gənclərin zövqü sizi qane edir?

- Müasir dövrdə gənclərin zövqü məni qane etmir. Təbii ki, hər kəsə şamil olunmur, lakin bir çox gənclər bayağı musiqilərə daha çox meyillidirlər. Bu da zamanla onları klassik və ciddi musiqilərdən uzaqlaşmasına səbəb olur.

Bəs sənət adamlar sizə dəstək göstərirlər?

- Mənim buna ehtiyacım yoxdur, sadəcə məni başa düşsünlər, bu mənə kifayət edər.


Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
yeniazerbaycan.com

1Mənbələr