AZ

Anklavların Azərbaycana qaytarılması tezləşə bilər?

“Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır”.

Bu barədə Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib. 

V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, anklav kəndlərin qaytarılmasının zamanı çatıb:

“Hazırda Qazaxa bitişik dörd kəndin qaytarılmasından sonra sözügedən rayonun 3 anklav kəndi – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, Naxçıvanın isə Kərki kəndin qaytarılması ilə bağlı məsələlərin sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın iclaslarında ayrıca müzakirəsi barədə razılıq əldə olunub.

Razılığa əsasən, ilk öncə müvafiq protokol tərtib olunmalı və buna uyğun əsasnamə hazırlanmalı, daha sonra anklav kəndlər Azərbaycana qaytarılmalıdır. Artıq ikitərəfli formada aparılan müzakirələr nəticəsində birgə komissiyanın əsasnaməsi hazırlanıb.

Paşinyan hakimiyyəti əsasnamənin təsdiqlənməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərəcək. Bundan sonra anklav kəndlər ilə bağlı məsələ müzakirəyə çıxarılacaq”. 

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə prosesi uzadır: 

“Burada bir neçə məqamı nəzərdən keçirmək lazımdır. Birincisi, Paşinyan hakimiyyəti əhalinin narazılığından və etiraz dalğasından çəkindiyi üçün prosesi uzatmağa cəhd göstərir. 

İkincisi, Ermənistanın Qərb tərəfindən silahlandırılması və Ermənistanda revanşizm əhva-ruhiyyəsinin artması fonunda prosesi uzatmaqla müəyyən güzəştlər əldə etmək istəyir.

Prosesin nə qədər uzanmasından asılı olmayaraq, həmin dörd anklav kənd Azərbaycanın ərazisinə aiddir. Bunu heç bir beynəlxalq təşkilat, heç bir ölkə mübahisələndirə bilməz.

Hətta Ermənistanın dövlət rəsmilərinin özləri belə bəyan ediblər ki, anklav kəndlər Ermənistana aidiyyəti yoxdur. Bu yaxınlarda Ermənistanın əmlak və dövlət kadastr idarəsi belə bir açıqlama yaymışdı ki, anklav kəndlərdə məskunlaşan əhaliyə heç bir mülkiyyət hüququ verilməyib. Ərazilərimizdə qeyri-qanuni məskunlaşan əhalinin qısa zamanda köçürülməsi mümkündür”. 

Rəşad Bayramov bildirib ki, Azərbaycan tərəfi məsələnin hüquqi müstəvidə həll olunmasının tərəfdarıdır:

“Azərbaycan Ermənistanın şıltaqlığına çox da dözmək niyyəti yoxdur. 

Məsələ tez bir zamanda öz həllini tapmazsa, Azərbaycan beynəlxalq hüquq çərçivəsində müvafiq addımlar ataraq həmin kəndlər üzərində suverenliyini bərqərar edəcək. 

Yəni söhbət, Azərbaycanın hərbi birliklərinin anklav kəndlərə girməsindən gedir. Növbəti esklayasiyanın baş verməsi Ermənistanın maraqlarına cavab vermir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr