AZ

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan həlledici ölkə statusunu gücləndirir

Müasir dövrdə elmi-texniki tərəqqinin daha dinamik xarakter almasına baxmayaraq, enerji təhlükəsizliyinin təmin edilməsi dünya ölkələrin böyük əksəriyyəti üçün hələ də ən aktual məsələlərdən biri kimi çıxş edir. Halbuki, son bir neçə onillikdə bəşəriyyət bütün əvvəlki tarixlərdən daha çox karbohidrogen enerji ehtiyatlarından istifadə edib. Fəal inkişaf etdirilən alternativ enerji mənbələri isə hələ də karbon yanacağını tamamilə sıxışdırıb çıxara və ölkələrin enerji resursları ilə sabit təchizatını təmin edə bilmir.

Etibarlı enerji təchizatı hazırda sabit iqtisadi inkişafın ən mühüm amillərindən biridir. Eyni zamanda bütövlükdə hər bir ölkənin milli təhlükəsizliyi daha çox enerji sektorunun keyfiyyətindən və fasiləsiz fəaliyyətindən asılıdır. Beləliklə də enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Belə vəziyyətdə idxalçı ölkələr üçün etibarlı enerji təchizatını saxlamaq və mənbələri şaxələndirmək vacibdir. Bu kontekstdə ixracatçı ölkələrin sərfəli qiymətlərlə strateji bazarlarda mövqelərini möhkəmləndirmələri və enerji resurslarının gələcək hasilatı üçün imkanlarının, vəsaitlərinin olması vacibdir. Burada daha bir faktor tranzit ölkələrdir ki, onların öz əraziləri ilə enerji resurslarının davamlı nəqlini təmin etmələri sözügedən sahədə təhlükəsizliyin əsas şərtlərindən biridir. Ümumiyyətlə, enerji təhlükəsizliyinin uğurlu təmini yalnız enerji mübadiləsinin hər üç tərəfinin qarşılıqlı əməkdaşlığı şəraitində mümkündür.

Göstərilənlər kontekstində enerji sektorunda baş verən proseslər dünya bazarında müvafiq resursların ən mühüm təchizatçılarından biri olan Azərbaycan üçün  də olduqca vacibdir. İlk növbədə o baxımdan ki, qarşıdakı dövrdə dünyada enerji təhlükəsizliyi əsasən dövlətlər arasında münasibətlərin necə qurulmasından və birgə səylərin bu müstəvidə mövcud olan, perspektivdə qarşıya çıxa bilən problemləri nə dərəcədə effektiv həll edəcəklərndən asılıdır. Göstərilənlər fonunda real vəziyyətin təhlili Azərbaycanın əslində, kifayət qədər əlverişli mövqedə olduğunu göstərir. Əvvəla,  Azərbaycan dünyada etibarlı təchizatı kimi qəbul olunur. Bundan əlavə ölkəmizin enerji resurslarının tranzitini həyata keçirən dövlətlərlə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Eyni sözləri idxalçı ölkələr barədə də demək mümkündür. Elə bu uğurlar fonunda Azərbaycanla enerji əməkdaşlığının dərinləşdirilməsinə dünyada artan istək və maraq tamamilə təbii xarakter daşıyır.

Azərbaycan neftlə yanaşı, artıq bir çox ölkələrin təbii qazla təminatında həlledici rol oynamaqdadır. Xüsusən də  Cənub Qaz Dəhlizi vasitəsilə ölkəmizdən “mavi yanacaq” idxal edən bir sıra dövlətlərin timsalında qeyd edilənlərin konkret nümunələrini görmək mümkündür. Bununla bağlı Prezident İlham Əliyev İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bildirib: “Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.Azərbaycanın mövcud enerji resursları Avropaya təbii qazın nəql həcmini artırmağa imkan verir.

Avropanın “yaşıl enerji” ilə təminatında da Azərbaycan yaxın tezlikdə əsas rollardan birini oynayacaq. Elə qeyd olunan istiqamətdə növbəti mühüm addım kimi bu günlərdə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan Qara dənizin dibi ilə kabel çəkilməsi üçün müştərək şirkət yaradıblar.  Xatırlatmaq lazım gəlir ki,  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Artıq sazişin praktiki icrasına start verilib. Proses başa çatdıqdan sonra ölkəmizdə hasil edilən “yaşıl enerji” ilk növbədə Rumıniya və Macarıstana ixrac olunacaq. Dörd ölkənin yaratdığı müştərək şirkət də buna xidmət edir. Rumıniyanın enerji naziri Sebastian Burduja qeyd edir  ki, Azırbaycandan “yaşıl” enerjinin idxalının  onun ölkəsi və bütövlükdə Avropa üçün strateji əhəmiyyəti var. Çünki bu, idxal şəbəkəsini şaxələndirməyə imkan verir.

Qara dəniz enerji kabelinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq. Sebastian Burduja  bununla bağlı bildirib: “Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması noyabrda Bakıda keçiriləcək COP29-da təqdim olunacaq. Marşrutlarımız, mənbələrimiz nə qədər çox olarsa, enerji də bir o qədər ucuz olar. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu daha da artıracaq.

MTM Analitik Qrup

Seçilən
98
iqtisadiyyat.az

1Mənbələr