İqtisadçı-ekspert Eyyub Kərimli, Dünya Bankının Azərbaycanın iqtisadi artım proqnozlarına münasibət bildirib. O, ölkənin karbohidrogen ixracından əldə etdiyi gəlirlərin iqtisadiyyatı inkişaf etdirməkdə əhəmiyyətli rol oynadığını vurğulayıb. Kərimli, neft hasilatının azalmasının iqtisadi artımı təsir etdiyini, lakin qeyri-neft sektorunun inkişafının və müxtəlif iqtisadi strategiyaların bu proqnozları dəyişdirə biləcəyini qeyd edib:
"İllər boyu ölkəmiz karbohidrogen ehtiyatlarını ixrac etməklə böyük gəlirlər əldə edib, müxtəlif imkanlar yaradıb. Bu gəlirlər ölkənin digər sektorlara və ümumi inkişafına təsir göstərib, həm infrastruktur investisiyaları, həm də iqtisadiyyatın digər sahələrinin inkişafı üçün vəsaitlər ayrılıb. Hazırda neft hasilatında azalma müşahidə olunur. Bu vəziyyətlə bağlı Dünya Bankı ölkə iqtisadiyyatının sabitləşməsini nəzərdə tutur və 1% artım proqnozunu təqdim edir. Lakin mən düşünürəm ki, Azərbaycan iqtisadiyyatı artıq diversifikasiyaya uğrayıb və qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar mövcuddur. Ötən ilin statistik göstəricilərinə əsasən, qeyri-neft sektorunun inkişafı 1% təşkil edib".
Pərvanə Fərhadqızı
QHT.az