Xəbər verdiyimiz kimi, avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılıb.
“Aztelekom”un yaydığı məlumatda bildirilib ki, avqustun 15-dən etibarən edilən dəyişikliklər əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilib:
“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir”.
Bildirək ki, Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılsa da, tarifləri üzrə internetin nə sürəti, nə də xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərə çarpacaq müsbət dəyişikliklər baş verməyib. Artıq bununla bağlı şikayətlər pik həddə çatıb. Abunəçilər kütləvi şəkildə “Aztelekom”un fəaliyyətinə etiraz edirlər.
Maraqlıdır, tariflər üzrə internetin sürəti ilə bağlı problem nə zaman həl olunacaq?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, əhalinin 80 faizdən çoxu internetlə təmin edilib:
“Yaxın bir neçə ildə ölkəmizdə rəqəmsal dünyaya diqqət artıb. Bu səbəbdən də internet xətlərin sayı da durmadan artırılıb. Demək olar ki, ən ucqar kəndlərə belə, fiber-optik kabel xətləri çəkilib.
Bu gün daha sürətli internetdən yararlanmaq üçün yüksək sürətli internet paketlərindən istifadə etmək yaxşı olardı. Lakin əhaliyə söz verilən yüksəksürətli internetə paketləri, praktikada gözlənildiyi kimi deyil.
İnternetin keyfiyyəti artırmaq daha məqsədəuyğun olardı nəyin ki, internetin qiymətini”.
İqtisadçı bildirib ki, bu gün internet paketləri və mobil internetin qiyməti ölkəmizdə xeyli bahadır:
“Azərbaycanda qonşu dövlətlərlə müqayisdə internet paketlərinin qiyməti xeyli bahadır. Yalnız sanksiyalar altında olan və 3-cü dünya ölkələri ilə müqayisədə bizdə internetin qiyməti və sürəti normaldır.
Bu çox aşağı göstəricidir. Məhz Azərbaycanda internet daha ucuz və əlçatan olmalıdır. Ən əsası isə Rəqabət Məcəlləsinin prinsiplərinə əsaslanaraq abunəçilərə alternativ yaradılmalıdır”.
O qeyd edib ki, “Aztelekom”un üzərində olan təyziq yüksək olduğundan gələn ildən ölkəmizdə internetin qiyməti ucuzalaşacağı proqnozlaşdırılır:
““Aztelekom” ən çox narazılıq olunan dövlət qurumlarından biridir.
Hazırda “Aztelekom” əhalinin gözləntisini doğrulda bilmir. İnternetin sürətinin artırılması təqdirəlayiqdir. Lakin əhalinin durumunu da nəzərə alaraq internet sürətin qiymətə münasib edilməlidir. Hesab edirəm ki, internetin qiyməti ucuzlaşmalı və daha münasib şərtlərlə vətəndaşların istifadəsinə verilməlidir”.