Hindistanın “Air Vistara” aviaşirkətinə məxsus və Mumbay-Frankfurt marşururtu üzrə uçan sərnişin təyyarəsi göyərtəsində bomba olması xəbərinə görə Türkiyənin Ərzurum şəhərində məcburi eniş edib.
Təyyarədə 247 nəfər olub. Bütün sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib və təhlükəsiz yerdədirlər. Təyyarə Türkiyə hava məkanına daxil olarkən bomba xəbəri yayılıb. TRT telekanalının məlumatına görə, əvvəlcə təyyarə Ordu hava limanına enməli idi, lakin orada davam edən təmir işləri ilə əlaqədar təyyarə Trabzona göndərilib.
Orada isə hava limanında sıxlıq olduğundan təyyarəyə Ərzuruma eniş tapşırılıb. Hadisə yerində istehkamçılar, tibb qrupları, polis, yanğınsöndürənlər və Türkiyə Fəlakətlərin İdarə Olunması Agentliyi işləyir. Partlayış təhlükəsi ilə əlaqədar Ərzurum valisi Mustafa Çiftçi bölgənin hava məkanını uçuşlara bağlayıb.
//Samir Qurbanov, Editor.az