AZ

İRAN ERMƏNİSTANI HƏDƏLƏYİR – Tehranın destruktiv siyasətinə Moskva niyə susur?

“Qonşuların ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması İran üçün qırmızı xəttdir”.

“AzPolitika” xəbər verir ki, bunu İranın yeni xarici işlər naziri Abbas Əraqçi deyib.

“Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qətiyyən qəbuledilməzdir və İran üçün qırmızı xəttdir”, - Əraqçi “X” səhifəsində yazıb.

Tehran dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edir və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, eləcə də istənilən geosiyasi dəyişikliyə qarşıdır. İran Zəngəzur dəhlizini Ermənistan üçün zərərli hesab etdiyini də vurğulayıb.

Xatırladaq ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Rusiya rəsmilərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatlarından narazılıq çatdırılıb.

İranın bu aqressiv mövqeyi Bakıda, Moskvada, Ankarada, eləcə də Qərb paytaxtlarında təəccüblə qarşılanır. Xüsusən, Tehran rəsmilərinin imperativ qaydada İrəvana Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlıqlar etməsi, hətta onun yerinə qərarlar verməsi başadüşülən deyil. Əlbəttə, Ermənistan rəhbərliyinin dövlət suverenliyinə qarşı sözügedən açıq hörmətsizliyə susqun reaksiyası İrəvanın subyektivliyini sual altında qoyur. Paşinyan hökuməti dövlətin strateji hədəfləri ilə bağlı müttəfiqlərindən və “dostlarından” tamamilə asılı vəziyyətdədir. Ona görə xarici siyasətdə özünün deyil, həmin ölkələrin maraqlarını nəzərə almağa məcbur olur.

Zəngəzur dəhlizi, ümumiyyətlə bölgədə nəqliyyat yollarının açılması ilk növbədə geosiyasi dalanda olan Ermənistanın maraqlarına uyğundur. İrəvan bu xətlərlə regional ticarətə qoşulur və iqtisadi blokadadan çıxır. Amma İranın sırf öz çıxarlarına görə Ermənistana qadağa qoymasına Paşinyan hökumətindən hər hansı cəsarətli reaksiya gəlmir.

Azərbaycana gəlincə, rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasına çalışır və bu zaman İranın narahatlığını balanslaşdırır. Hazırda Naxçıvana quru yol Araz çayı üzərində inşa olunan körpüdən keçməklə İran üzərindən həyata keçirilir. Gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar əldə olunduqdan sonra daha bir dəmiryolu və avtomobil yolu bu istiqamətdən keçərək Naxçıvanla, həmçinin Türkiyə ilə ilə əlaqələri birləşdirəcək. Bu xətlər İranın iddia etdiyi kimi onun Ermənistanla sərhədlərini kəsməyə bilər. Çünki hazırda müzakirə olunan bir neçə marşrut var ki, onlar heç də İranının öz qonşusu ilə sərhədlərini qapatmır, fərqli ərazilərdən keçir.

Beləliklə, İranın etirazları tamamilə destruktiv mahiyyət daşımaqla regionda sülh və sabitliyin möhkəmlənməsinə, iqtisadi yüksəlişinə qarşıdır.

Maraqlıdır, Rusiya regionda əsas müttəfqinin bu davranışına necə reaksiya göstərəcək? Çünki Rusiya üçün də Zəngəzur dəhlizinin açılması vacibdir. Hələlik, bu barədə Moskvanın aydın mövqeyi yoxdur.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
azpolitika.info

10Mənbələr