Ramil Hüseynov: “Belə bir yanaşma prosesin daha da uzanması deməkdir”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Bakı ilə İrəvan arasında sülh prosesindən danışıb. Kopırkin deyib ki, Moskva heç vaxt Bakı və İrəvan arasındakı danışıqlar prosesində ədalətli vasitəçi rolundan imtina etməyib. Onun sözlərinə görə, Putinin Azərbaycana səfəri, liderlərlə telefon danışığı bunun təsdiqidir.
Səfir iddia edib ki, İrəvan 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirməyə razılaşsaydı, onun üçün risqlər azalacaqdı. Kopırkin Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan sərhədində kəşfiyyat məlumatı topladığını qeyd edib. Səfirin sözlərinə görə, Rusiya iki müttəfiqi arasında balanslı sülh müqaviləsinin imzalanmasına təhlükəsizlik arxitekturasının qurulması üçün imkan kimi baxır: “Biz ən yaxın qonşularımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin ərazilərində danışıqların uğurunda, firavanlıqda və sülhdə səmimi maraqlıyıq”.
Göründüyü kimi, Rusiya səfiri iki ölkə arasında balanslı sülhdən danışır. Maraqlıdır, nə deməkdir bu balanslı sülh sazişi? Yəni Rusiya indiki şəraitdə bu balanslı sülhlə bağlı bəyanatlarla nə demək istəyir və nə bu dərəcədə realdır? Yəni iki ölkə arasında sülh sazişinin imzalanmasına balans nöqteyi-nəzərdən yanaşmaq.
“Bu o deməkdir ki, guya Rusiyanın vasitəçiliyi ilə təklif olunan sülh sazişi hər iki tərəfi qane edəcək”
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında səfirin dediklərini ümumi diplomatik ifadələr kimi dəyərləndirdi: “Kopırkin bununla öz aləmində hər iki tərəfin mövqeyinin nəzərə alınacağı təəssüratını yaratmaq istəyir. Bu o deməkdir ki, Rusiyanın vasitəçiliyi ilə təklif olunan sülh sazişi hər iki tərəfi qane edəcək. Balanslı sülh deyəndə bunu nəzərdə tutur. Səfirdən erməni mediası soruşmayıb ki, bunu necə təsəvvür edirsiniz. Çünki bu mümkün deyil. Belə bir yanaşma prosesin daha da uzanması deməkdir. Məsələn, Ermənistan nəyisə bəhanə edib danışıqları uzada bilər. Onsuz da ATƏT-in Minsk Qrupunun mənasız vasitəçiliyi timsalında biz bunu görmüşük. Üstəlik bu, Rusiyanın hər iki ölkəyə əvvəlki kimi təsir göstərməsi ilə bağlı zəmin yaradır. Əgər vasitəçilərin iştirakı ilə danışıqlar nəticə versəydi bu neçə ili verərdi. Ona görə də vasitəçilər olmadan hər iki dövlət birbaşa danışıqlar aparıb münasibətlərin nizamlanmasına nail olmalıdır. Çünki İrəvanla Bakı arasında birbaşa təmaslar daha effektlidir, nəinki hansısa vasitəçinin iştirakı ilə keçirilən danışıqlar. Moskvanın mövqeyi ədalətli və obyektiv olmadığından onun vasitəçiliyi ancaq prosesə ziyan vura bilər. Kopırkin işarə edir ki, Ermənistan Rusiyanın deyil, Qərbin vasitəçiliyinə, təhükəsizlik təminatına daha çox üstünlük verir. Moskvanı narahat edən də məhz bu faktordu ki, belə olan halda Cənubi Qafqazda təsiri azalır. Rusiyanın narahatlığı bununla bağlıdır”.
Vidadi ORDAHALLI