AZ

Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda çıxışı Rusiya mətbuatının diqqət mərkəzindədir

Moskva, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı Rusiya mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın federal mediası, o cümlədən “TASS”, “RİA Novosti” “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” informasiya agentlikləri, “İzvestiya”, “Lenta.ru”, “Moskovskiy komsomolets”, “Komsomolskaya pravda”, “News.ru” nəşrləri və televiziya kanalları Azərbaycan liderinin forumdakı çıxışını geniş işıqlandırıb.

Materiallarda qeyd olunur ki, Azərbaycan Lideri ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını “təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik” adlandırıb, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğunu bildirib.

Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təqribən 80 faizinin artıq razılışdırıldığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı və sərhədin 13 kilometrlik hissəsinin demarkasiya edildiyi barədə fikirlərini xüsusi vurğulayıb.

Mətbuat Azərbaycan Prezidentinin hazırda təkcə regionda deyil, bütün dünyada ən ağrılı problem olan Rusiya-Ukrayna münaqişəsinin həllinə dair fikirlərinə də geniş yer ayırıb. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə tarixi köklərə söykənən müsbət münasibətlərinin olduğunu, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda, xəbərlərdə dövlət başçısının Azərbaycanın Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayacağı və iki ölkə ilə praqmatik münasibətlər fonunda, lazım gələrsə, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında vasitəçi rolu oynamağa hazır olduğu barədə fikirləri də yer alıb. Media yazır ki, Azərbaycan Lideri Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində ciddi irəliləyiş üçün zəmin olduğunu vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərinin ölkəmizdə arzuolunmaz şəxs elan edilməsi barədə suala Prezident İlham Əliyevin cavabı da Rusiya mətbuatında maraq doğurub. Dövlətimizin başçısının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərar dəyişdiriləcəyi təqdirdə, ölkəmizin də AŞPA deputatlarına qarşı qadağanı aradan qaldıracağına dair fikirləri oxuculara təqdim edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
117
50
azertag.az

10Mənbələr