Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan paraüzgüçümüz Vəli İsrafilov təəssüratlarını paylaşıb.
Arena.az xəbər verir ki, idmançımız bunları söyləyib:
“Bu Paralimpiya Oyunlarında bürünc medal qazandığım üçün sevincliyəm. Bəli, ötən Paralimpiya Oyunlarında qızıl medal qazanmışdım, amma bu dəfə bürünc medal qismət oldu. Ümidvaram gələn oyunlarda birinci olub himnimizi səsləndirərəm. Bu uğurumda mənə dəstək olan məşqçilərimə, komanda yoldaşım Roman Saleyə təşəkkürümü bildirirəm. Onların dəstəyi olmadan bu nailiyyəti əldə edə bilməzdim. Məni izləyən və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Dəstəyini bizdən əsirgəməyən cənab Prezident İlham Əliyev və birinci xanım, vitse prezident Mehriban Əliyevaya minnətdaram. Həmçinin Mehriban xanımın bizi təbrik etməsi ayrı bir qürürverici hissdir”.
Qeyd edək ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üzmə üsulunda finişə 1:05:35 saniyə nəticə ilə üçüncü çatıb.