Sağlam həyat tərzi keçirmək üçün qidalanma vərdişləri çox vacibdir. Vitaminlər, minerallar və antioksidantlarla zəngin olan meyvələr bədənimizin ehtiyac duyduğu bir çox qida maddəsini ehtiva edir. Mövsümünə uyğun olaraq meyvə istehlak etmək insan sağlamlığı üçün çox önəmlidir.
“Qafqazinfo” xarici mətbuata istinadən sağlam həyat üçün istehlak edilməli olan meyvələri təqdim edir:
Çiyələk
İmmunitetinizi gücləndirmək və dərinizi qorumaq üçün çiyələk istehlak edə bilərsiniz. Bu meyvə C vitamini və antioksidanlar ehtiva edir. Antioksidanlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq oksidləşdirici stressi azalda və hüceyrə zədələnməsinin qarşısını ala bilər. Çiyələkdə qan təzyiqini tənzimləyə bilən kalium var. Bundan əlavə, tərkibindəki antioksidanlar və lif tərkibi xolesterol səviyyələrini tənzimləyərək ürək sağlamlığını dəstəkləyə bilər.
Üzüm
Üzümdə xüsusi olaraq resveratrol adlı antioksidan var. Bu antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azalda, yaşlanma prosesini yavaşlada, ürək-damar sağlamlığını yaxşılaşdıra bilər. Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır, eyni zamanda qan azlığında, mədə şirəsi çox olan qastritdə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada və yuxusuzluqda məsləhət görülür.
Alma
Alma pektin adlı bir növ lif ehtiva edir. Bu lif həzmi tənzimləyə və toxluq hissi ilə çəkiyə nəzarət etməyə kömək edə bilər. Tərkibində antioksidantlar da var və ürək sağlamlığını dəstəkləyir. Almanın tərkibindəki lif qan şəkərini balanslaşdırmağa kömək edir. Almanın sağlamlıq üçün ən əhəmiyyətli faydası xərçəngə qarşı qalxan rolu oynamasıdır. Araşdırmalar göstərib ki, müntəzəm alma istehlakı kolon və mədə xərçəngi riskini azaldır.
Kivi
Kivi də C vitamini baxımından ən zəngin meyvələrdən biri olduğu üçün immunitet sistemini gücləndirərək bir çox xəstəliyin qarşısını alır və zərərli patogenlərə qarşı orqanizmi qoruyur. Kivi immuniteti gücləndirməkdə və sərbəst radikalların bədəndən çıxarılmasında mühüm rol oynayır. Xərçəngə qarşı qoruyucu təsirə malikdir.
Qreypfrut
Antioksidant təsirə malik olan qreypfrut müxtəlif vitaminlər, o cümlədən də vitamin C ilə zəngindir. Yüksək lif tərkibi ilə həzm sisteminə fayda verir. Bundan əlavə, qan şəkərini tənzimləyə və çəkiyə nəzarət etməyə kömək edə bilər. Tədqiqatlar göstərir ki, müntəzəm qreypfrut istehlakı kilo itkisini əhəmiyyətli dərəcədə dəstəkləyir. Qreypfrutun sağlamlıq üçün faydaları olsa da, qeyd etmək lazımdır ki, o, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər və xüsusən də müəyyən xəstəlikləri olan insanlar üçün problem yarada bilər. Odur ki, xüsusən müntəzəm olaraq dərman qəbul edənlər qreypfrut istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.
Nar
Nar da antioksidanlarla zəngin bir meyvədir. Narın tərkibində ürək sağlamlığını yaxşılaşdıra bilən antosiyaninlər və polifenollar var. Bu maddələr qan təzyiqini tənzimləyə, xolesterol səviyyəsini yaxşılaşdıra və ürək xəstəliyi riskini azalda bilər. Nar anemiya riskini azalda bilən dəmirlə zəngindir. Narın tərkibindəki antioksidantlar iltihabla mübarizə apara bilir. Nar şirəsi də sağlamlıq üçün faydalıdır və qida rasionuna əlavə edilməlidir.
Portağal
Portağal əsl C vitamini mənbəyidir. Bol miqdarda kalsium, kalium və maqnezium ehtiva edərək, bədəndəki bir çox biokimyəvi və hüceyrə funksiyalarını tənzimləməsi ilə seçilir. Həmçinin böyrək daşlarının əmələ gəlməsini önləyir. Portağal yüksək lif məzmununa malik olduğu üçün həzm sistemimiz baxımından böyük əhəmiyyətə malikdir. Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq üçün qida rasionlarına əlavə edilməlidir.