Rusiya və Ukrayna arasında sülhün təmin olunması üçün bu prinsiplər daha konstruktivdir
Rusiya-Ukrayna müharibəsi region üçün ciddi problemlər yaratmaqla yanaşı geosiyasi proseslərə də əhəmiyyətli dərəcədə təsir göstərir. Eləcə də bu müharibə dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Qərb ölkələrinin birmənalı olaraq Ukraynanı dəstəkləməsinə, onu silahla təmin etməsinə baxmayaraq, bir sıra dövlətlər davamlı olaraq tərəflər arasında sülhün əldə olunmasına çalışır. Bu dövlətlər arasında Türkiyə daha çox fəallıq göstərir.
Lavrov Rusiyanın “İstanbul prinsipləri”nə qayıtmağa hazır olduğunu deyib
Təsadüfi deyil ki, bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib ki, Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq bu, yeni reallıqlar əsasında olmalıdır. Onun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, amma təbii ki, yeni reallıqlar nəzərə alınmaqla... Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər dünyada sülh tərəfdarı olan ölkələr tərəfindən yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir.
Türkiyənin təşəbbüsləri hansı nəticələr verib?
Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri Ukraynaya fəal hərbi dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb.
Lavrovun “İstanbul prinsipləri” adlandırdığı məsələ isə müharibənin yeni başladığı 2022-ci ildə tərəflərin görüşü zamanı razılaşdırılmışdı. Xatırladaq ki, həmin il Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Eyni zamanda, daha sonra Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan verdi. Bu görüşdə əldə olunmuş razılıq əsasında Rusiya öz qoşunlarını Kiyevin ətrafından və digər bəzi yerlərdən geri çəkdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsində baş verdi.
“Taxıl sazişi” də Ankaranın vasitəçiliyi ilə baş tutmuşdu
Xatırladaq ki, 2022-ci ildə uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq həmin il iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə on milyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi səbəbindən Rusiya ötən ilin iyulundan sonra taxıl sazişinin uzadılmasından imtina etdi.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Məhz bu səbəblərə görə, Ərdoğanın Nobel mükafatına layiq görülməsi təklif olunmuşdu. Çünki Rəcəb Tayyib Ərdoğan Türkiyənin lideri olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır. Ərdoğanın rəhbərliyi ilə Türkiyə diplomatiyası sülh quruculuğuna hədəflənib. Hazırda da rəsmi Ankara müharibənin tamamilə dayandırılması üçün sülh təşəbbüslərini davam etdirir.
Lakin hazırkı şəraitdə tərəflərin “İstanbul prinsipləri”nə qayıtması isə suallar doğurur. Çünki ötən dövr ərzində hər iki ölkə şərtlərini daha da sərtləşdirir. Qərb tərəfindən dəstəklənən Ukraynanın sülh üçün şərtləri başqadır, Rusiya isə ələ keçirilən əraziləri geri qaytarmağı düşünmür. Lavrov “yeni reallıqlar nəzərə alınmalıdır” deməklə yəqin ki, bunu nəzərdə tutur. Bütün hallarda sülhə gəlmək üçün “İstanbul prinsipləri” öz üstünlüyünü qoruyub saxlamaqdadır.
Nardar BAYRAMLI