İndiki dövrdə şokolad sevməyən insan yəqin ki, çox az tapılar. Təbii kakaodan hazırlanan şokoladın qəbulu əhval-ruhiyyəni yaxşılaşdırır, stressi və narahatlığı götürür, hətta xoşbəxtlik hormonu olan endorfin ifrazına belə səbəb olur. Əlbəttə, söhbət əsl kakao yağından hazırlanan təbii şokoladdan gedir. Təəssüflər olsun ki, müasir kapitalizmdə ən aparıcı ölkələrdə belə, qida sənayesinin istehsal etdiyi şokolad məmulatlarının böyük əksəriyyəti sintetik maddələrdən hazırlanır. Təbii kakaodan hazırlanan natural şokoladlar isə hər kəsin cibinə uyğun deyil. Bəs, süfrələrimizdən əskik olmayan sevimli şokoladın tarixçəsi haqqında nə bilirik?
Tanrıların içkisi
Məlumunuz olsun ki, şokolad mədəniyyətinin kökü Amazon meşələrinə gedib çıxır. Qida kimi istifadə olunan ən qədim kakao qalıqları keçmiş dövrlərdə Meksika ərazisində yaşayan Olmek qəbilələrinə aid keramik qablarda tapılıb. Daha sonra kakao bitkisindən istifadə olmeklərdən Mayya xalqına keçib. Kakaodan hazırlanan soyuq içki o qədər bahalı, ələdüşməz bir nemət sayılırdı ki, onu “tanrıların hədiyyəsi” adlandırırdılar. Hətta Mayya tanrılarının arasında xüsusi kakao tanrısı “Ek Çuaxa” da var idi. Odur ki, tarixdə ilk kakao plantasiyalarını Mayya qəbilələri yaratmışdılar.
Mayyalılar kakaonu yüksək qiymətləndirir və hətta ondan pul vahidi kimi istifadə edirdilər. Təsadüfi deyil ki, Ek-Çuaxa tanrısı həm ticarətin, həm də kakaonun hamisi sayılırdı. Kakao içkisindən nikah məclislərində, eləcə də dəfn mərasimlərində geniş istifadə olunurdu. Kakao toxumlarından hazırlanan içkinin rəngi qırmızı olduğundan hindular onu insan bədənində dövr edən, müqəddəs bildikləri qanla eyniləşdirirdilər.
Mayyalılar kakao içkisinə ədviyyat, çili bibəri, bəzən də qarğıdalı unu əlavə edirdilər. Bu məhsuldan əsasən xalqın seçilmiş nümayəndələri: kahinlər, qəbilə başçıları və döyüşçülər istifadə edirdilər. Kakao içkisi, bir qayda olaraq, soyuq içilirdi.
Bu möcüzəvi şokolad içkisi mayyalılardan sonra başqa bir hindu tayfası olan Azteklər tərəfindən də istifadə edilməyə başladı. Lakin içkinin acılığı Aztek hökmdarı Montesumun xoşuna gəlmədi. Ona görə də hökmdarın istəyi ilə kakao içkisinin tərkibində dəyişiklik edildi. Azteklər kakao içkisinə bal və aqava meyvəsinin şirin şirəsini əlavə etməyə başladılar. Bu cür yeni qatqılara görə tərkibi dəyişərək qatılaşan kakao içkisi müasir isti şokoladın dadına daha yaxın idi.
Kolumbun Amerikaya bərabər kəşfi
Tarixdə deyilir ki, hinduların bu müqəddəs içkisi barədə məlumatlanan ilk avropalı şəxs, məşhur səyyah Xristofor Kolumb olmuşdu. 1502-ci ildə Gayana adasına səyahət edən Kolumbu ada sakinləri ilk avropalı qonaq kimi qəbul edir və qonaqpərvərliyin göstəricisi olaraq onu müqəddəs kakao içkisi ilə qarşılayırlar. Hinduların hazırladığı kakaonu içən səyyah bu məcunun qeyri-adi dadına heyran olur. O, yerli sakinlərdən bu içkinin necə hazırlandığını, kakao bitkisinin harada bitdiyini soruşaraq özü üçün çoxlu əlavə məlumat toplayır. Adaya dördüncü səyahətindən sonra Kolumb nəhayət ki, hinduların müqəddəs saydığı kakao toxumlarını əldə edə bilir və onu ispan kralı Ferdinanda çatdırır.
Acıdan şirinə, soyuqdan istiyə...
1519-cu ildə Meksikanı işğal edən ispaniyalı Hernan Kortes də kakao içksinin dadına baxır. İçki onun çox xoşuna gəlir. Yerli hindulardan içkinin reseptini istədikdə, hindular “bu tanrıların içkisidir, onun sirrini aça bilmərik” deyə cavab verirlər. Kortes, müqəddəs içkinin hazırlanma sirrini asanlıqla vermək istəməyən hindu başçısına işgəncə verdirərək resepti öyrənməyə nail olur. Beləliklə, kakao içkisi İspaniyaya da gedib çıxır. Sonralar ispanlar müqəddəs içkinin tərkibini bir qədər dəyişərək çili bibərini vanillə əvəz edir, ona fındıq əzməsi və şəkər də qatırlar. Müqəddəs hindu içkisi tədricən öz tərkibini dəyişərək “isti şokolad” adı altında bütün Avropa ölkələrində yayılmağa başlayır. Və beləcə, 1657-ci ildə Londonda ilk “Şokolad evi” açılır. Bu içkinin satışından yaxşı gəlir əldə etdiklərinə görə avropalılar kakaonu “qəhvəyi qızıl” adlandırırdılar. Beləliklə, şokoladlı içki ingilis mədəniyyətinin xüsusi elementlərinin birinə çevrilir.
Kakaonun narkotik effekti
Missioner Bernardino de Saqun (1547-1577) özünün “Yeni İspaniyanın ümumi tarixi” əsərində kakao haqqında yazırdı: “Onu təzə-təzə, yaşıl halında çox içən adamın şüuru qarışır. Əlbəttə, məcunun bu cür qəbul olunması adamı haldan-hala salır və onu məst edir. Bu içkini çox qəbul etsən o, səndən üz çevirər, ürəyini titrədər, səni dəli vəzyyətinə gətirib çıxarar. Ancaq onu təmkinlə, normada içsən, həddi aşmasan gücünə güc qatar, səni təravətləndirər. Bu içki, eyni zamanda daxili gərginliyi götürür, sakitləşdirir və insanı sərtlikdən yumşaqlığa endirir”.
Beləliklə, İspaniya tezliklə kakao paxlasının ən böyük idxalçısına çevrilir. Hindu möcüzəsi tədricən digər Avropa ölkələrinə, Mərkəzi Amerikadan kakao gətirməyə başlayan Fransa və İtaliyaya da yayılır. Məhsul hər dəfə ölkədən-ölkəyə keçdikcə orijinal resept dəyişikliklərə məruz qalır. İçki soyuqdan istiyə, acıdan şirinə (darçın və şəkər əlavə edilməsinə görə) doğru təkamül edir. Beləliklə şokolad qədim bütpərəst kult obyektindən Avropa delikatesinə çevrilir.
Şokolad inqilabı
Hələ elektrik çarxların meydana çıxmasına qədər, fəhlələrin dən üyüdüb un almaq üçün əllə fırladığı dəyirman çarxları uzun müddət kakao paxlalarını emal edərək şokolad istehsal etməyə başladı. Şokolad dünyasında əsaslı inqilabı hollandiyalı van Houten ailəsi həyata keçirdi. Belə ki, 1828-ci ildə onlar qovrulmuş kakao paxlasından yağ çıxarmaq üçün güclü pres aparatı icad edərək patentləşdirdilər. Kakaonun yağını presləyib çıxardıqdan sonra sıxılmış cecəsini qurudaraq üyüdüb toz halına gətirdilər. Alınan yağsız kakao tozu suda və ya süddə asanlıqla həll olundu. Xarakterik acı dadından xilas edilən məhsulu yeməkdə də istifadə etməyə başladılar. Və nəhayət, həmin kakao ununu yenidən kakao yağı və başqa məhsullarla qarışdıraraq bu gün bildiyimiz formada şokolad əldə etdilər.
İlk şokolad çubuğu 1847-ci ildə “JS Fry & Sons” kompaniyası tərəfindən istehsal edilib. Daha sonra südlü şokoladın orijinal resepti isveçrəli Daniel Peter tərəfindən hazırlanıb. Getdikcə sevilən və populyarlaşan şokolad məhsulu 19-cu əsrin sonlarına doğru nadir məhsul statusunu itirərək kütləvi şəkildə istehsal olunmağa başladı.
20-ci əsrdə isə kakao və onun emal məhsullarından istifadə müxtəlifliyi hədsiz dərəcədə çoxaldı. Doğrudur, şokolad artıq, ilk vaxtlarındakı kimi qeyri-adi, möcüzəli nemət sayılmasa da, öz zərif estetikasını və cazibəsini hələ də qoruyub saxlamaqdadır.
Murad Köhnəqala