AZ

Fransanın ikrah doğuran təxribatları

COP29 qlobal tədbiri ərəfəsində Azərbaycan əleyhinə qarayaxma kampaniyası güclənib

Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər, qlobal problemlərə qarşı birgə mübarizə metodları formalaşdırması hər zaman müsbət sonluqlarla nəticələnib. Təcrübə göstərir ki, ölkəmizin iştirakı və ya təşkilatçılığı ilə baş tutan demək olar ki, bütün məsələlər müsbət sonluqla yekunlaşır. Bu mənada bir neçə aydan sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir həlqəyə çevriləcəyinə ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır. Sözügedən tədbir çərçivəsində bütün dünya ölkələrinin həyatına təsir edəcək, iqlim dəyişmələrinin fəsadlarının neytarllaşdırılması və ya minimal həddə endirilməsinə gətirib çıxaracaq tarixi əhəmiyyətli qərarların qəbul olunması gözlənilir. Xüsusən də Millətlər Birliyi təşkilatının baş katibi Patrisia Skotlendin dediyi kimi, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır: “Bu, ölkələr arasında etimadın bərpası və insanların həyat və həyat şəraitlərinin qorunması üçün vacibdir. Əsas qalıq yanacaq istehsalçısı kimi rolunun dayanıqlı enerjiyə dair qlobal ehtiyacla balanslaşdırmaq baxımından Azərbaycandan böyük gözləntilər var”.

BMT-nin Baş katibi Antonio Quterreş də vurğulayır ki, COP29 sessiyasının yekunları üzrə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün ciddi maliyyə öhdəliklərinə nail olmaq lazımdır. Sözügedən xüsusda, həmçinin digər istiqamətlər üzrə Bakıda qəbul edilməsi gözlənilən həyati vacib qərarlar Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək, ölkəmizin növbəti uğuru olacaq. Amma, eyni zamanda, COP29 planetin xilasına yönəlmiş önəmli tədbir olduğundan burada qəbul olunacaq qərarlar, atılacaq addımlar bütün dünyanın da uğuru hesab oluna bilər. Azərbaycan məsələyə məhz bu prizmadan yanaşır. Lakin prosesə xələl gətirmək istəyənlər də az deyil. Artıq bir sıra beynəlxalq media vasitələrində maraqlı qüvvələrin sifarişi ilə COP29-a qarşı təbliğat kampaniyasının aparılması da qeyd edilənlərin təsdiqi hesab oluna bilər. Tədbir yaxınlaşdıqca məkrli dairələrin, ermənipərəst ölkələrin anti-Azərbaycan fəaliyyəti bu və digər formada daha da aktivləşir. Azərbaycana qarşı daha çox əsassız ittihamlar səsləndiriləcək, ölkəmizə yeni iftiralar atılmasına cəhdlər olunur.

Məsələn, bu günlərdə Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib. Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin 4 sentyabr tarixli məlumatında deyilir. “Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır. Bu risklə əsasən sadə turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir”, - məlumatda deyilir. Görünür, son illərdə Azərbaycan qarşı apardığı siyasətin uğursuzluğa düçar olduğunu görən Makron diktaturası iki ölkə arasındakı münasibətləri küçə səviyyəsində həll etmək istəyir, xalqı Azərbaycana qarşı qaldırmağa çalışır. Bunun üçün də ən primitiv vasitələrə əl atılır. Məsələn, Fransanın Avropa və Xarici İşlər Nazirliyi iddia edir ki, Azərbaycana səfər edən istənilən Fransa vətəndaşı həbs edilə bilər. Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, həbs edilən hər hansı bir Fransa vətəndaşı bir sıra qanunsuzluğa məruz qala bilər. Məsələn, fransızlar Azərbaycanda səbəbsiz yerə bir neçə ay davam edə bilən həbsxana həyatı və yaxud ölkədən çıxış qadağası ilə üzləşə bilər. Bununla rəsmi Paris öz vətəndaşlarını Azərbaycana səfərdən çəkindirməyə çalışır.

Son 30 ildə Azərbaycanda hansısa fransızın saxlanması çox nadir hadisə olub. Rəsmi qaynaqlara istinadən deyə bilərik ki, Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Saxlanılan Martin Rian öz ifadəsində Azərbaycana qarşı casusluq etdiyini etiraf edib. Başqa bir hadisə isə bu ilin mart ayında olub. Belə ki, Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi təxribat xarakterli əmələ görə saxlanılıb. Bu iki həbsin də hüquqi əsası var. Saxlanılanlar öz əməllərini etiraf ediblər. Bu iki faktı bayraq edən Fransa hökuməti öz ölkəsində və müstəmləkəsi olan dövlətlərdə həyata keçirdiyi qanunsuz əməllərdən isə heç zaman danışmayıb. Üstəlik, Fransaya gələn miqrantlara qarşı göstərdikləri amansız münasibət, dini-irqi ayrı-seçkilik halları barədə rəsmi Paris hər zaman susub. Hər kəs bilir ki, Fransa hər zaman irqi ayrı-seçkiliyin mərkəzi olub. Hər il yüzlərlə qeyri-fransız saxta ittihamlarla həbsə atılır. Onların tək günahı isə Fransaya gəlmələri olub. Qanuni yolla Fransaya gələn əcnəbilər belə addımbaşı müxtəlif bəhanələrlə saxlanılır, incidilir və hətta həbsə atılır. Elə Şengen ölkəsi ərazilərinə səyahət edənlərə qarşı tətbiq edilən yersiz qadağalar Yelisey Sarayındakıların əsl mahiyyətini göstərir.

Fransa hakimiyyətinin son zamanlar Azərbaycana qarşı patoloji nifrətinin, əsassız, qərəzli qərarlarının nə ilə bağlı olduğunu təxmin etmək elə də çətin deyil. Belə ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Son illər Fransanın müstəmləkəsi altında olan kiçik dövlətlərin Azərbaycanla sıx əlaqəsi yaranıb. Elə bir neçə gün öncə Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları iştirak edib. Hansı ki, bu ada dövlətləri uzun illərdir ki Fransanın müstəmləkəsi altındadır. Onilliklər boyu fransızlar bu adaların maddi-mənəvi sərvətlərini talayıb Avropaya daşıyırlar.

Xatırladaq ki, Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci qurultay keçirilmişdi. Bundan başqa, Yeni Kaledoniyada baş verən hadisələrə Bakı Təşəbbüs Qrupu ilk gündən ciddi münasibət göstərib, bəyanatlarla çıxış edib. Beləcə, Azərbaycan son illər rəsmi Parisin əsl mahiyyətini sivilizasiya açıb göstərib. Təbii ki, bu da Fransa iqtidarını ciddi şəkildə narahat edir. Çünki Azərbaycanın apardığı siyasət Fransanın siyasi və iqtisadi maraqlarına böyük ölçüdə zərbə vurur. Azərbaycanın haqlı mübarizəsi qarşısında aciz qalan Makron və onun komandası da əlacsız qalıb, ən primitiv və gülüş doğuran yollara əl atırlar.

Təbii ki, Azərbaycan ərazi bütövlüyünə, milli maraqlarına xələl gətirən istənilən hala qarşı müvafiq reaksiya sərgiləyəcək, təhdidləri həmişəki kimi qətiyyətlə aradan qaldıracaq, eyni zamanda qurulmuş çirkli oyunların ifşasını da davam etdirəcək.

Sevinc Azadi, “İki sahil”

Seçilən
113
ikisahil.az

1Mənbələr