ABŞ-nin Tayvandakı qeyri-rəsmi səfiri Raymond Qrin bildirib ki, Vaşinqtonun adanı müdafiə etmək öhdəliyi prinsipialdır və ikitərəfli dəstəyə malikdir. Amerika Çinin təhdidlərinə qarşı Tayvana kömək etmək vədinə əməl edəcək. Qrin əlavə edib ki, “Tayvan və gəmilərin Tayvan boğazından maneəsiz keçməsi Vaşinqton üçün prioritetdir”. Lakin bu şərh bu yaxınlarda Pekində səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözləri ilə ziddiyyət təşkil edir. Çin Prezidenti Si Cinpinlə görüşdə cənab Blinken bildirmişdi ki, Vaşinqton Pekin ilə münasibətləri sabitləşdirmək istəyir.
AP agentliyi yazır ki, Raymond Qrin tərəfindən belə bir bəyanatın verilməsinin hüquqi əsası var. Bu, Amerikanın Tayvana davamlı dəstəyini təmin edən 1979-cu il ABŞ qanunudur. Qanun Vaşinqtonun Taypeylə diplomatik əlaqələri kəsdiyi və Pekinlə əlaqələr qurduğu bir vaxtda qəbul edilib. Lakin Pekin rəsmi olaraq bu qanuna məhəl qoymur. Adanı separatçı əyalət hesab edən Pekin öz qanunvericiliyini hazırlayaraq təsdiqləyib. Həmin sənədlər Tayvanın materikə, o cümlədən güc tətbiqi yolu ilə birləşdirilməsini nəzərdə tutur. O vaxtdan bəri vəziyyət çox dəyişib. Ukraynada və Yaxın Şərqdə münaqişələr yaranıb. ABŞ və müttəfiqləri Ukrayna və İsrailə silah verir.
Maraqlıdır, Raymond Qrinin bu fonda dedikləri nəyə hesablanıb? Axı Ceyk Sallivan bu yaxınlarda Çin Xalq Respublikasının sədri Si Cinpin, xarici işlər naziri Vanq İ və Mərkəzi Hərbi Şuranın sədr müavini Çjan Yus ilə görüşmüş və bundan sonra iki dövlətin hərbi idarələri arasında əlaqələrin qurulmasında mühüm irəliləyişin əldə olunduğu bildirilmişdi. Doğrudur, Çin Müdafiə Nazirliyi bu görüşlərlə bağlı belə şərh vermişdi ki, Pekin Birləşmiş Ştatlardan Tayvanla sövdələşməyə son qoymağı, Tayvanı silahlandırmağı dayandırmağı və Tayvan haqqında yalan məlumatlar yaymağı dayandırmağı tələb edir”. Buradan aydın olur ki, Tayvan məsələsində ABŞ və Çin arasında heç bir kompromis gözləməyə dəyməz.
Lakin Çin–ABŞ münasibətlərində Tayvandan başqa digər problemlər də var. Xüsusilə, ticarət-iqtisadi əlaqələrdə fikir ayrılıqları qalır. Çin və ABŞ arasında ticarət keçən il 12 faiz azalaraq 607 milyard dollara düşüb. Hər iki ölkədə də yaxşı anlayırlar ki, ticarət dövriyyəsi azalarsa, bu, vətəndaşlara mənfi təsir göstərəcək. Məsələn, amerikalılar Çin məhsullarının bahalaşdığını hiss edəcəklər. Çində də eyni hal baş verəcək. ABŞ ilə ticarətin həcmi azalarsa, sanksiyalara baxmayaraq, Amerika texnologiyalarından istifadə etməyə davam edən daha böyük dövlət və özəl firmalar da əziyyət çəkəcəklər.
Asiya Cəmiyyəti Siyasəti İnstitutunun vitse-prezidenti Denni Rassel deyir ki, ÇXR sədri Si Cinpinin Ceyk Sallivan ilə görüşməyə razılıq verməsi əhəmiyyətlidir. Axı Çin rəhbərliyi milli təhlükəsizlik üzrə köməkçisini ABŞ Prezidentinin birbaşa ünsiyyətçisi hesab edir. Deməli, cənab Cinpin Prezident Cozef Baydenin fikirlərini eşitmək üçün C.Sallivan ilə görüşmüşdü.
Bununla yanaşı, Vaşinqton 2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfəri zamanı buraxılmış səhvi düzəltməyə çalışır. Çin bu səfərə adaya uçan hərbi təyyarələr və dəniz manevrləri ilə cavab vermişdi. Bu güc nümayişi Pekinin amerikalılarla hərbi əlaqələri davam etdirməkdən imtinası ilə yekunlaşmışdı. Hərbi danışıqlar yalnız Co Bayden və Si Cinpin ötən ilin noyabrında San-Fransiskoda görüşdükdən sonra bərpa olunmuşdu. R.Qrin son bəyanatından belə görünür ki, Tayvan problemi ABŞ və Çin arasında münasibətlərə mənfi təsir göstərməkdə davam edəcək.
S.ELAY
XQ