"Ukrayna lideri Vladimir Zelenski Rusiyaya qarşı son addımı olaraq amerikalıları Rusiya Silahlı Qüvvələri ilə münaqişəyə sürükləməyə çalışacaq".
Bunu amerikalı politoloq Con Mirşaymer "JudgingFreedom" müsahibəsində deyib.
“Zelenski çarəsizlik içindədir. Onun amerikalıları müharibəyə cəlb etmək və onları ruslara qarşı döyüşməyə məcbur etməkdən başqa heç bir gedişi qalmayıb”, - politoloq bildirib.
Mirşaymerin sözlərinə görə, vəziyyət bu istiqamətdə inkişaf edərsə, Ukrayna lideri sözün həqiqi mənasında özünü yaxşı hiss edəcək. Politoloq hesab edir ki, Ukrayna hakimiyyəti Silahlı Qüvvələrin cəbhədə təşəbbüsü ələ ala bilmək potensialının olmamasından xəbərdardır. Eyni zamanda, Kiyev münaqişədə qələbənin Amerika hərbçilərinin iştirakı ilə mümkün olduğuna inanır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural