Ən böyük aktyorlar oyun içindən oyun çıxaran, yeni bir oyun qura bilənlərdir. Eynilə unudulmaz aktyor, görkəmli rejissor, Xalq artisti mərhum Mehdi Məmmədov kimi...
Mehdi müəllim, ilk növbədə, şahanə görkəmi, gözlərinin ifadəsi, səs tonu, yerişi ilə böyük sənətkar idi. İti fəhmi, duyumu vardı. Sinəsində çarpazlaşan qolları belə səhnəyə hökmdarlıq edirdi. Uca Yaradan ona sənətkar üçün lazım olan nüansları yetərincə bəxş etmişdi.
Mehdi Məmmədovun kitablarını, məqalələrini, müsahibələrini oxuduğumuz zaman tez-tez “estetika” sözündən istifadə etməsinə rast gəlmişik. Müsahibələrin birində ondan bu barədə soruşanda böyük rejissor cavab verib ki, teatr sənəti özü, bütövlükdə, estetikadır, estetika isə gözəllik deməkdir.
Həqiqətən də Mehdi Məmmədov gözəllik aşiqi idi. Elə həmin axtarışlar bir zaman Mehdi Məmmədovu Barat Şəkinskaya ilə qovuşdurub. Gəncə Teatrında Mehdi Məmmədov “Nizami” dramına quruluş verib, özü də Əbdək rolunu ifa edib, Barat xanım da Afaqı canlandırıb. Tamaşada qılınc səhnəsi varmış. Tərslikdən Barat xanım da solaxay idi, bu üzdən də lazımi səhnə alınmırmış. Rejissor mizanları dəyişsə də, aktrisa inadkarlıq edərək, həmin səhnəni olduğu kimi oynayıb. M.Məmmədov axırda ona “afərin” deyib və könlünü açıb...
Mehdi Məmmədov səhnədə, ekran qarşısında hər zaman düşünürdü, peşəkar şəkildə həyat və ona aid olan bütün məsələlərə məşgul olurdu. Özü bu barədə belə deyirdi: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakı deməkdir. Rejissor dərin düşünürsə, elə o da filosofdur”.
Ancaq qarşısına filosof görünmək kimi bir məqsəd qoymamışdı. Bununla belə, hər mövzunu filosof kimi həll edirdi, seçəcəyi pyesi, mizanları, aktyorları. Bu filosofluq ədaları idi ki, rejissora imkan vermirdi hər əsəri səhnəyə gətirsin. Özünün dediyi kimi, tamaşaya qoyacağı pyes onun daxili dünyası ilə səsləşməli idi. Rejissor ictimai-siyasi hadisələrə, əxlaq dünyasının geniş təhlilinə yer verilmiş, həmçinin mükəmməl, aydın məqsədli xarakterlərin zəngin oldugu pyeslərə müraciət edirdi. Çünki Mehdi Məmmədov teatra məktəb kimi yanaşırdı. Bilirdi ki, teatr insanın düşüncəsinə, qəlbinə estetik cəhətdən təsir göstərir. Tamaşaçılara yüksək bədii emosional hisslər aşılayır. Bu qayədə M.Məmmədov Cəfər Cabbarlıya, Mirzə İbrahimova, Mirzə Cəlilə müraciət edib. O səbəbdən, rejissorun axtardıgı novotorluq, orjinallıq bu dramaturqların yaradıcılığının başlıca cəhətini müəyyən edirdi.
Yaradıcılıgının püxtə dövründə rejissor daha çox onu düşündürən problemlərə, fikirlərinə uyğun əsərlər axtarırdı. Bu xüsusda “İblis”i, “Dəli yığıncağı”nı səhnəyə gətirib. Rejissor “Dəli yıgıncagı”nı bədii bütövlüyünə, müasir fikir dərinliyinə görə daha üstün hesab edirdi.
Onun sənət düşüncələri, sənətə baxışı sosializm realizmi tabularıyla cilovlanmamışdı. Daha çox bəşəri, daha çox dünyəvi baxışlar civarında cövlan edirdi. Təpədən-dırnağa səhnə adamı, səhnə hadisəsiydi. Böyük sənətin bir çox sahələrini yaradıcılığında birləşdirmişdi. O, Azərbaycan incəsənət pedaqogikasının ustadlarından biri idi.
Bəlkə də tale Mehdi Məmmədovun yolunu teatrdan salmışdır ki, öz fikirlərini böyük kütlələrə çatdıra bilsin. Bu məqsədlə o, tamaşalarında pauza və alt mətndən istifadə edirdi. Rejissor istəyirdi ki, alt mətn tamaşaçı beyninə kodlaşdırılsın. Bunun üçün isə pauzadan daha effektli vasitə ola bilməzdi.
Mehdi Məmmədovun bənzərsiz yaradıcılığı, şəxsiyyəti doğulub boya-başa çatdığı Şuşa əzəmətini, Şuşa əlçatmazlığını özündə ehtiva edirdi. Bu səciyyəni sonacan hifz etdi, qorudu. Elə yaddaşlarda da o cür – təbiətin əbədi, monumental hadisəsi kimi qaldı. Hamlet üsyankarlığını, Məcnun vurğunluğunu bir arada yaşadı, yaşatdı...
Aynur HİLALİ