AZ

Onlayn alış-veriş zamanı DƏLƏDUZLUQ – Aldanmamaq üçün bu məqamlar diqqət etmək VACİBDİR

Artıq insanlar onlayn sifarişə daha da üstünlük verməyə başlayıblar. Onlar bunu müxtəlif alış-veriş proqramlarıyla yanaşı, sosial medialardakı alış-veriş səhifələri vasitəsilə də edirlər. Ancaq bəzən burada mənfi hallara da rast gəlinir.

Bu cür halla qarşılaşan İbrahimova Zəhra (şərti ad) Bizim.Media-ya deyib ki, o, “İnstagram” platforması üzərindən geyim sifariş verib, səhifə sahibi ona ödənişin öncədən edildiyini deyib. O, ödənişi göndərib. Ancaq vətəndaş daha sonra həmin səhifə tərəfindən bloka atılıb, başqa nömrələrdən yazsa da, oradan da ya cavab verilməyib, ya da yenə bloka atılıb. Müsahib bildirib ki, səhifə hələ də paylaşımlar etməyə davam edir, həmçinin, etdikləri mənfi rəylər səhifə tərəfindən silinir.


Bir çox insan gündəlik həyatında bu hallarla tez-tez qarşılaşır.

Onlara maraqlıdır ki, belə halların hüquqi məsuliyyəti nədir? Bu zaman ziyan çəkənlər hara müraciət etməlidirlər?

Hüquqşünas Aysel Süleymanova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ənənəvi alış-verişdə olduğu kimi onlayn alış-verişdə də alıcı, istehlak hüquqlarını qoruyan qanunvericilik keçərlidir. O, onlayn alış-veriş zamanı mənfi hallarla rastlaşmamaq üçün vətəndaşlara bəzi məsləhətlər verib.

“Onlayn alış-veriş zamanı xoşagəlməz hallarla üzləşməmək üçün bəzi məsələlərə diqqət yetirmək vacibdir. İlk növbədə, satıcının sahibkar statusunun olub-olmamasına, VÖEN üzrə fəaliyyət göstərib-göstərməməsinə, Vergilər Xidməti üzrə qeydiyyatdan keçib-keçməməsinə diqqət yetirmək lazımdır.

Əks halda, bu, qanundan kənar fəaliyyətdir və alınan məhsulda bir problem olduğu və ya məhsul verilmədiyi zaman həmin şəxsə qarşı iddia qaldırmaq üçün əldə məlumat olmalıdır. Çünki onun bu sadalanan xüsusiyyətləri olduqda həmin şəxsi tapmaq üçün məlumatlar olur. İkinci növbədə, pulu ödədiyinizə dair hər hansı bir qəbz verilib-verilməyəcəyini dəqiqləşdirməyiniz lazımdır”.

Aldadılan müştəri hara müraciət edə bilər?

Müsahibimizin sözlərinə görə bu halda qanunvericiliyə əsasən, bu, dələduzluq halı sayılır və vətəndaş bu zaman Daxili İşlər Nazirliyinə müraciət edə bilər. O həmin səhifəylə arasındakı yazışmaları, ödədiyi məbləğin qəbzini təqdim etməlidir ki, polis orqanları bunu araşdırıb hüquqi qiymət versinlər. Onu da deyim ki, bu halları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir”, - deyə hüquqşünas qeyd edib.

Nəzrin Mirzəyeva

Mənbə: bizim.media

Aqreqator
Seçilən
98
3
bizim.media

2Mənbələr