Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçirəcək.
Bu barədə BDYPİ və AYNA-nın birgə məlumatında deyilir.
Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", - məlumatda vurğulanıb.
Mənbə: apa.az