AZ

Mark-Andre ter Ştegen “Bayern”də Manuel Noyeri əvəz edəcək?

“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen “Bayern”də həmkarı Manuel Noyeri əvəz edə bilib-bilməyəcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az alman qapıçının bu barədə cavabını təqdim edir:

“Mənim, klubumla hələ uzunmüddətli müqaviləm var və mən ailəmlə birlikdə Kataloniyada yaşamaqdan çox xoşbəxtik. Bilmirəm, Almaniya nə vaxtsa mənim üçün üstün futbol məkanına çevriləcəkmi. Gəlin görək, nə baş verəcək. Amma ümumilikdə, hazırda cari müqaviləmdən və oynadığım klubdan çox razıyam”, deyə Ter Ştegen vurğulayıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 4 oyun keçirib, 3 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.

Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 417 oyun keçirib, 408 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyuna 48 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
arena.az

1Mənbələr