Azərbaycanla İtaliya arasında siyasi gündəliyə aid müzakirələr bu günlərdə Prezident İlham Əliyevin dost ölkəyə uğurlu işgüzar səfəri çərçivəsində diqqət çəkilən mühüm istiqamətlərdən biri olub. Belə ki, həm Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə qatıldığı işçi naharda, həm də dövlətimizin başçısının İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə rəsmilər ölkələrinin siyasətlərinin prioritetləri barədə bir-birlərini məlumatlandırıblar. Yüksək səviyyədə aparılan müzakirələrdə tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildiriblər, həmçinin münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha nəzərə çatdırıblar.
Strateji tərəfdaşlıq münasibətləri
Strateji tərəfdaşlıq dövlətlərarası diplomatiyanın ən yüksək səviyyəsi sayılır və qarşılıqlı münasibətlərin xüsusi səciyyə daşıdığını nümayiş etdirir. Qısa müstəqillik tarixində Azərbaycanın dünyanın bir sıra ölkələri, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanına daxil olan10-dək dövlətlə belə münasibətlər qurması böyük nailiyyətdir. Azərbaycanla İtaliya da strateji tərəfdaşlardırlar. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hər iki tərəf qarşılıqlı münasibətlərin yol xəritəsi sayılan bu sənəddə əksini tapan müddəaların həyata keçirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə ifadə olunan fikirlər bunu bir daha təsdiqlədi. Məsələn, Prezident Sercio Mattarella işçi naharda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyib, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğulayıb.
Strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq liderlər və digər yüksəksəviyyəli rəsmilər arasında sıx təmaslar mövcuddur. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə qarşılıqlı səfərlərin önəminə xüsusi diqqət çəkilib. Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Qeyd edək ki, bəhs olunan səfər 2018-ci ilin iyulunda baş tutub və kifayət qədər uğurlu olub. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Bu səfər çərçvəsində müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanıb. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. İşçi naharda söhbət zamanı son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı da münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını məmnuniyyətlə qeyd edib, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib və Sercio Mattarella dəvəti məmnunluqla qəbul edib.
Azərbaycan-İtaliya strateji tərəfdaşlığının regional və qlobal maraqlar kontekstində önəmi
İtaliya dünyada böyük nüfuzu olan, eyni zamanda Avropada siyasi təsir imkanları getdikcə artan dövlətdir. Bu ölkə dünyanın 7-ci böyük iqtisadiyyatına malikdir. Azərbaycan isə müqayisədə kiçik ölkə olsa da, respublikamız yerləşdiyi Cənubi Qafqaz coğrafiyasının lider dövlətidir. İşçi naharda Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsidir, Qərb, o cümlədən Avropa ilə sıx əlaqələri mövcuddur. Son illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərə, o cümlədən də cari ilin noyabrında baş tutacaq COP29 iqlim konfransına evsahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin dünyada artan nüfuzunun təsdiqidir. Bütün bu kimi faktlara istinadən deyə bilərik ki, Azərbaycan və İtaliyanın strateji tərəfdaşlığı yalnız bu iki ölkənin deyil, bütövlükdə Avrasiyanın siyasi və iqtisadi maraqları kontekstində böyük önəm daşıyır. İki dost ölkə qlobal həmrəyliyin dərinləşməsinə davamlı töhfələr verirlər və bu istiqamətdə əməkdaşlıq etməyə, səylərini əlaqələndirməyə hazırdırlar. İtaliyanın ölkəmizin noyabrda ev sahibliyi edəcəyi COP29 konfransı ilə əlaqədar sərgilədiyi mövqe bunu bir daha təsdiqləyir. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğulayıb. Oxşar fikirləri həmçinin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni də səsləndirib. O, konfransda məmnuniyyətlə iştirak edəcəyini deyərək Azərbaycanın COP Prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirak etdiyini diqqətə çatdırıb.
Azərbaycanın sülh gündəliyi
Qalib Azərbaycan postmüharibə mərhələsində geniş əhatə dairəsinə malik sülh gündəliyinə malikdir və özünün davamlı sülh istəyini tərəfdaş ölkələrlə həmişə bölüşür. Bu baxımdan dost İtaliyada keçirilən tədbirlər də istisnalıq təşkil etmədi. Dövlətimizin başçısı işçi naharda sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi nailiyyətlərin əldə edildiyini, ikitərəfli xarakter daşıyan bu proses çərçivəsində artıq 12 kilometrdən çox sərhədyanı ərazinin həm də demarkasiya olunduğunu, 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndinin də ölkəmizin nəzarətinə qaytarıldığını bildirib.
Tənzimləmə prosesində ikitərəfli formatda aparılan danışıqlarda bu kimi uğurlu nəticələr əldə olunmasına baxmayaraq, Ermənistanın tutduğu mövqe sülh prosesinə ciddi əngəllər yaradır. Məsələn, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olması sülh sazişinin imzalanmasına böyük maneədir. Prezident İlham Əliyev Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının önəmini vurğulayıb və bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaranacağını bildirib.
İşçi naharda İtaliyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində tutduğu mövqeyə də diqqət çəkilib. Prezident Sercio Mattarella ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini deyərək, İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd edib.
Mübariz ABDULLAYEV