AZ

Benxamin Dominqes 4 milyon avroya “Bolonya”da

Argentinanın “Ximnasiya” klubunun sol vingeri Benxamin Dominqes bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transferi 4 milyon avroya rəsmiləşdirib. 20 yaşlı argentinalı vingerlə 5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Benxamin Dominqes “Ximnasiya”nın yetirməsidir. O, bu klubun əsas komandasında 87 oyun keçirib, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bolonya” “Latsio”nun mərkəz müdafiəçisi Nikolo Kasaleni də heyətinə qatıb. 26 yaşlı italyan futbolçu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.

Nikolo Kasale “Verona”nın yetirməsidir. “Peruca”, “Prato”, “Südtirol”, “Venesiya”, “Empoli” kimi klublarda da oynamış müdafiəçi 2022-ci ildən “Latsio”nun formasını geyinirdi. O, paytaxt klubunun heyətində 63 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. İtaliyanın U-19 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.

“Bolonya”nın müdafiəçisi Kevin Bonifazi isə “Leççe”yə keçib. “Leççe” də 28 yaşlı oyunçunu məhz satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb.

Kevin Bonifazi futbolçu karyerasına “Syena”da başlayıb. O, “Torino”, “Benevento”, “Kazertana”, SPAL, “Udineze”, “Frozinone” kimi klublarda da çıxış edib. 2021-ci ildən “Bolonya”da çıxış edən müdafiəçi bu komandada 41 oyun keçirib, 1 assistlə yadda qalıb. Bonifazi İtaliyanın U-21 yığmasında da oynayıb.

“Leççe” Bonifazi ilə yanaşı “Yuventus”un mərkəz yarımmüdafiəçisi Luis Hasanı da heyətinə qatıb. Azad agent statusuna malik 20 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

“Yuventus”un yetirməsi olan Hasa bu klubun əsas komandasında forma şansı qazanmayıb. O, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
arena.az

1Mənbələr