Gələn həftə I Liqada mübarizə başlayır.
Bu mövsüm Premyer Liqaya yüksəlmək istəyən klubların sayı çoxdur. Bizi maraqlı çempionat gözləyir. Lakin yüksək liqaya namizəd olmaq təkcə meydandakı nəticələrdən asılı deyil. İnfrastruktur, sənədləşmə prosedurlarının düzgün aparılması və lisenziya tələblərinə cavab vermək də əsas şərtlər sırasındadır. Maraqlıdır, bu mövsüm hansı klublar Premyer Liqaya yüksəlmək üçün ən güclü namizəd kimi göstərilə bilər?
Sualımıza cavab tapmaq üçün Emil Şükürova müraciət etdik. Tanınmış agent Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"I Liqada çempion olaraq lisenziyalaşma şərtlərini tam şəkildə yerinə yetirərək Premyer Liqaya yüksələcək ən şanslı komanda kimi “Qəbələ”ni görürəm. İstər inzibati heyət, istərsə də, məşqçi heyəti baxımdan rəqiblərinə fərq yaradacaq səviyyədədirlər. İkinci olaraq mənə doğma olan “Karvan”ı qeyd edərdim. I Liqa klubları arasında ən yaxşı infrastrukturlardan birinə sahibdirlər. Çalışqan heyətləri var, ümid edirəm ki, ötən mövsüm üçün görməli olduqları vacib təşkilati işləri bu il son ana saxlamazlar. Hər bir kriteriya üzrə Premyer Liqada yenidən oynamaq haqqını əldə edərlər.
"İmişli" isə sponsoru olan nadir I Liqa klublarımızdan biridir. Davamlılıq olmadığı üçün bu mövsüm də ilk üçlüyə namizəddirlər. Amma birinci yerdən liqaya yüksələcəkləri inandırıcı görünmür. Yeni məşqçi, dəyişilmiş heyət, doğma stadionda oynaya bilməmək - bunlar mövsümün ilk yarısında ciddi xal itkilərinə səbəb ola bilər.
Digər klublardan MOİK və "Qaradağ Lökbatan"ın hər zaman olduğu kimi liqanın prestijini qoruması və rəqabətliliyin olması üçün mübarizə aparacağı məlumdur.
"Cəbrayıl" və "Baku Sportinq" klublarından biri yarışın “gizli favoriti” ola bilər".