AZ

Luis de la Fuente: “Alvaro Morata kövrək görünə bilər, amma…”

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente hücumçu Alvaro Moratanın milli komandadakı rolundan söhbət açıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“O, kollektiv təsəvvürdə Supermen olmalı olan uğurlu idmançı simasını insanlaşdırdı. Alvaro kövrək görünə bilər, amma o, böyük çətinliklərin öhdəsindən gəlməli olan güclü və möhkəm bir insandır. Başqaları bunların öhdəsindən gələ bilməzdi.

Mən onun nələr yaşadığını bilirdim. Bu, bizi bir araya gətirdi, oyunçu-məşqçi münasibətindən kənara çıxan anlaşmamızı gücləndirdi. Böyük qüvvələrə qarşı mübarizə aparan insana qarşı dərin duyğularım var”, deyə Luis de la Fuente vurğulayıb.

Xatırladaq ki, Alvaro Morata bu ilin yayında Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Onun İtaliya klubuna keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Morata “Milan”da hələlik cəmi 1 oyun keçirib, 1 qol vurub.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. O, bu il İspaniya millisi ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr