AZ

“Şaxtyor”dan qalmaqalla ayrıldı, qeybə çəkildi və "Qarabağ"da göründü - Kaşuk kimdi?

“Qarabağ” çərşənbə axşamı “Şaxtyor”un yetirməsi Aleksey Kaşukla müqavilə bağladı. Komandaya azad agent statusu ilə qoşulan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi qarşıdakı üç ildə “köhlən atlar”ın uğurları üçün tər tökəcək.

Onu ağdamlıların digər transferlərindən, daha dəqiq desək, Emmanuel Addai, Fabian Buntiç və Mateuş Koxalskidən fərqləndirən məqam bəllidi: Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyev kimi, Alekseyin də performansına bələdik. Karyerasının əvvəlində orta sahədə göz oxşayan Kaşuk “Sabah”ın heyətində sağ cinahdan edilən hücumlar zamanı xarüqələr yaradıb. “Bayquşlar”ın heyətində 41 oyun keçirən futbolçu 18 qol, 12 məhsuldar ötürmə ilə masazırlıların tarixində Coy-Lens Mikelsdən sonra ən məhsuldar oyunçu olub.

Kaşuk 2019-22-ci illərdə icarə əsasında “Mariupol”da da (Ukrayna) çıxış edib (61 oyun – 11 qol, 4 məhsuldar ötürmə). Burda Avropa Liqasının və Konfrans Liqasının təsnifat mərhələsinin matçlarında şans qazansa da, fərqlənməyib. Eyni bəxtsizlik futbolçunu “şaxtaçılar”ın heyətində də izləyib. 2023/24 mövsümünü uğurlu keçirə bilməməsi isə hadisələrin məntiqi sonluğunu gətirib. Cəmi 12 oyunda güvənilən Aleksey 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qısası, o, ilk dəfə “Şaxtyor”la bütün bağları qoparır. Əlbəttə, Kaşuk indi karyerasının baharındadı. Bu üzdən gənclik illərindən maksimum faydalanmaq istəyini və bunu “Qarabağ”la bacaracağına inamını anlayışla qarşılamalıyıq. Hər halda, bir çox futbolçu özünü Qurban Qurbanovun rəhbərliyi altında “kəşf edib”. O başqa məsələ ki, “köhlən atlar”ın yeni oyunçusu Murad Musayevin “Sabah”ında bu mərhələnin arxada qoyub. İndi, sadəcə, rekordları yeniləmək lazımdı. Bunun üçün münbit şərait də var. Axı ağdamlılar avrokubokların cari mövsümündə Avropa Liqasının əsas mərhələsində iştirak edəcək. Özü də komandanı yetərincə sanballı rəqiblərlə oyunlar gözləyir. Belə ab-hava məhz Kaşuk kimi hədəfləri olan gəclər üçün əlverişlidi. Bəs hadisələrin axarı bizi hara aparacaq? Əvvəlcə bir qədər keçmişə qayıdaq.

Maraqlıdı ki, Aleksey ötən mövsüm “Şaxtyor”un heyətində qış fasiləsinə qədər faydalı iş əmsalıyla diqqəti çəkir. Lakin bir müddət sonra nəsə baş verir və naməlum səbəbdən qalan oyunların iştirak ərizəsinə belə daxil edilmir. “Sabah”da uğurlu mövsümün ardından Ukraynanın U-23 yığmasıyla AÇ-2023-ün yarımfinalına yüksələn və Paris-2024 Olimpiya Oyunlarına vəsiqə qazanan futbolçu bir anda “qeybə çəkilir”. Nəhayət, iyunun əvvəlində “Zbirna” nəşrinin əməkdaşı Andrey Piskun Alekseydən müsahibə alır və bütün məqamlara aydınlıq gəlir. Kaşuk “Şaxtyor”dan ayrılmaq istədiyini, bunu rəhbərliyə çatdırdığını, nəticədə təlim-məşq toplanışına dəvət edilmədiyini deyir. Belədə futbolçuyla klub arasında münaqişə yaranır və münasibətlər qalmaqallı şəkildə pozulur. O, “Hayduk”, “Partizan” və başqa Avropa klublarından təklif aldığını, “Malyorka”yla danışıqlar aparsa da, razılıq əldə edə bilmədiyini deyəndən bir müddət sonra Azərbaycanda görünür. Düzü, onun ölkəmizə gəlməsinin və uzun müddət klubsuz qalmaqla vaxtını boşa verməsinin səbəbi əksəriyyətə maraqlıdı. Xüsusilə ukraynalı azarkeşlər bu mövzu ətrafında baş sındırır ki, nəticə hasil olmur...

...bəli, Kaşuk Avropa klubunda forma geymək hədəfinə çatmasa da, avrokuboklardan vaz keçmək istəmirdi. Təbii ki, ölkəmizdə bu mənada ağla gələn ilk variant “Qarabağ”dı. Lakin vaxtilə baş məşqçi Qurban Qurbanov futbolçunun Bakıya səfərindən bixəbər olduğunu deməklə bu yöndə gözləntiləri xeyli azaltmışdı. Hər halda, oyunçunun məhz “köhlən atlar”ın ev oyunlarını dəfələrlə izləməsi düşündürücü idi.

İndi isə gələcəyə boylanaq. Ağdamlıların hər cəhətdən uğurlu transfer əməliyyatına şahidlik etdik. Klub minimum xərclə Ukraynanın gənc və perspektivli futbolçusunu heyətinə qatdı. Həmçinin Kaşuk xüsusilə avrokuboklarda uğura acdı. Bu üzdən hər vəchlə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Hələ bəzi ukraynalı azarkeşlərə də “cavab atəşi” vacibdi. Ona görə ki, bəzi “Şaxtyor” tərəfdarları Alekseyin “Qarabağ”la anlaşmasına istehzayla yanaşır. Onlar oyunçunun hansısa komandada əsas sima olmaq istəyinin baha başa gələcəyini iddia edir. Deyirlər ki, hələ bunun üçün çox tezdi, Kaşuk daha güclü klublarda təcrübə toplamalı, qısası, özünü “ilmək-ilmək toxumalıdı”. Bəlkə də haqlıdılar, bu başqa məsələ. Amma “köhlən atlar” yeni oyunçudan Avropa Liqasında maksimum fayda əldə edə bilər. Bəs o, heyətdə kimi əvəz edəcək - Abdulla Zubiri, Patrik Andradeni, Marko Veşoviçi, yoxsa kimi? Bu sualın cavabı üçün isə gözləməkdən başqa yol yoxdu. Bəli, Kaşuka – performansına, iddiasına, hədəflərinə bələdik. İndi qalır “Qarabağ”da özünü tapması.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
football-plus.az

1Mənbələr