Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun Aleksandrinski Teatrında Azərbaycan Akademik Milli Dram Teatrının yaradıcı heyətinin hazırladığı “İblis və...” tamaşasının ilk təqdimatı olub.
Nümayişdən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə keçirilən mətbuat konfransında Aleksandrinski Teatrının prezidenti Valeri Fokin, direktoru Aleksandr Maliç, bədii rəhbəri Nikita Kobelev, Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə və direktoru İlham Əsgərov məşhur səhnə əsərini yüksək qiymətləndirib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.
Sonra tamaşa başlanıb. Sankt-Peterbuqlu tamaşaçılar səhnə əsərini alqışlayıblar. Aktyorların məharətli çıxışı tamaşanı daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı qastrol barədə məlumat verərək dedi:
– Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıqçısı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İblis mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun bu baxışı yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. 4 pərdəli faciədə ruhunu Şeytana satan insanların aqibəti təsvir olunur. Tamaşa oktyabrın 4, 5 və 6-da Milli Dram Teatrının səhnəsində də göstəriləcək.
Qeyd edək ki, səhnə əsərində Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Vəfa Rzayeva, Elşən Cəbrayılov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, aktyor Elçin Əfəndi və digərləri iştirak edirlər.
Ceyhun BALABƏY
XQ