AZ

Musiqili səhnənin istedadlı rejissoru

“Zaman çox şeyi dəyişsə də, səhnənin tələbi olduğu kimi qalır: aktyor peşəkarlığı, obraz seçimi, tərtibat və dinamika. Teatr sənətində bütövlüyü bunlar yaradır”.

40 ildən çoxdur Akademik Opera və Balet Teatrında çalışan Əməkdar incəsənət xadimi Hafiz Quliyev söhbətə belə başladı. Yaradıcılığı ilə insani keyfiyyətləri üst-üstə düşən sənətkar teatrda baş rejissor olmaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olur. Bu günlərdə Hafiz müəllimlə növbəti görüşümüzdə rejissor səhnə əsərlərinə qu­ruluş verilməsi və təqdimata hazırlıq barə­də suallarımızı cavablandırdı. 

O bildirdi ki, rejissora tərtibat üçün hər hansı bir əsər verilirəndə, o, araşdırma apa­rır. Hər bir rejissorun özünün gizlin ssena­risi və qeydləri olur. Rejissor əsər barədə düşündükcə, onun təxəyyülündə müəyyən fikirlər, fantaziyalar yaranır. O, quruluşa tam hazır olduqdan, onu bütöv obraz kimi görə bildikdən sonra rollar aktyorlara pay­lanır. Sonra stolarxası iş, obrazların aydın­laşması, musiqi dərsləri, səhnə mizanlaş­ması və digər proseslərə start verilir. 

Hazırlama prosesi əsərin özündən və rejissorun ona nə qədər vaxt sərf etməsin­dən asılıdır. Elə rejissor var bir il çalışır, eləsi də var bir ay. Bu, əsərin özündən və qoyulan vaxtdan da asılıdır. Əgər özüm bu əsərə hazıramsa, demək, tamaşa da hazır­dır. Burada yalnız texniki problemlər ola bilər. Yəni rejissor düşündüyünü həyata keçirmək istəyəndə aktyorla fikri üst-üstə düşməyə bilər. Rejissorun məharəti də bu­dur ki, belə vəziyyətlərdə uzlaşma yarada bilsin. 

Söhbətin davamında Hafiz müəllim­dən soruşduq: 

– Teatrın səhnəsində “Arşın mal alan”, “Leyli və Məcnun”, “Aşıq Qə­rib”, “Sevil”, “Koroğlu” və digər səhnə əsərlərinə müxtəlif rejissorlar quruluş veriblər. Onlar bir-birindən necə seçi­lir? Bu səhnə əsərlərinin yazıldığı gün­dən repertuara daxil edildiyini söyləyən rejissor bildirdi: 

– “Leyli və Məcnun” opreasına maraq çox olduğundan ona quruluş verən rejissor­lar da az olmayıb. Səhnə tərtibatı da fərqli olub. Füzuli və Üzeyir dahiliyi bu əsərdə bir yerdə qərarlaşır. Bütün rejissorlar bu tamaşaya quruluş verəndə Füzuli süjeti ilə Üzeyir musiqisini qovuşdurmağa çalışıb. Zamanın özünün də tələbləri var. Məsələn, 1932-ci ildə “Aşıq Qərib” səhnədə 4 saat gedirdi, bu gün isə onu tamaşaçıya elə çatdırırıq ki, o yorulmasın. Yəni bu günün dinamikası, estetikası insanların zövqü ilə uyğunlaşdırılır.

Hafiz Quliyev bu günədək bir neçə xarici ölkədə keçirilimiş festival və bey­nəlxalq tədbirlərdə iştirak edib. O, məş­hur sənət ocaqlarının dəvəti ilə tamaşa­lara quruluş verib. Sənətkar Türkiyə, Rusiya, Çin, Belarus, Bolqarıstan, Çexi­ya, Özbəkistan, Dağıstan kimi ölkələrə yaradıcılıq ezamiyyətlərindən söz aça­raq dedi:

–İki dəfə Ankarada, bir dəfə isə Sam­sunda “Arşın mal alan” operettasını səhnələşdirmişəm. İstanbulda isə çoxlu qastrollarda olmuşam. Belarusda, Çin və Tacikistanda da tamaşalar qoymuşam. 50–60 günə bir tamaşa hazırlamışam. Hər ölkənin teatrı fərqlidir. Belarus teatrı bizim məktəbə yaxındır. Türkiyə teatrı bizdən fərqlidir. Çin məktəbi isə tamam başqadır. Rejissor yerli psixologiyanı da bilməlidir. Rejissor çalışdığı ölkənin aktyorlarının ümumi psixologiyasını, teatrın estetikasını da özü üçün aydınlaşdırmalıdır. 

2003-cü ildə Ankarada “Arşın mal alan” operettasını fərqli quruluşda səhnəyə qoymuşam. Əsər böyük sevgi ilə qarşılan­dı, uzun müddət repertuarda qaldı. Bu əsə­ri Belarusda da səhnəyə qoymuşam. Orada da nümayişi uğurlu alınıb. Artıq yeddinci ildir ki, “Arşın mal alan” Belarus Akade­mik Musiqili Teatrının repertuarında yer alır. 

“Arşın mal alan” 1956-cı ildə Çində ilk dəfə səhnəyə qoyulub. 2011-ci ildə məni Pekinə dəvət etdilər ki, bu əsəri yenidən səhnələşdirim. Biz hər gün 8 saat məşq edirdik, aktyorlar əlavə 3 saat da qalırdılar. Onlar bildirirdilər ki, sizin məktəb bizim xoşumuza gəlir. Tamaşaya baxmaq üçün Çinin mədəniyyət nazirinin müavini də gəlmişdi. O, tamaşadan sonra dedi: “Bizim dövrün gəncliyi “Arşın mal alan”ı çox se­virdi. İstəyirik ki, indiki gənclərimiz də bu əsərdən zövq alsınlar”.

Sonra rejissor tamaşaçı məmnun­luğunun və sənət əlaqələrinin önəmini vurğuladı:

– Hər bir sənət ocağı üçün tamaşaçı məmnunluğu onun repertuarından asılıdır. Opera və Balet Teatrının da öz repertuarı və tamaşaçısı var. Səhnə əsərlərinin key­fiyyətli olmasına önəm veririk. Truppamız tamaşaları öz aktyorları ilə nümayiş etdirir. Biz dünyanın məşhur sənət ocaqları ilə də təcrübə mübadiləsi aparırıq. Məşhur sənət adamlarını çağırırıq və bizdən də həmin sənət ocaqlarına dəvət olur. Bu gün teatrı­mızda gənc istedadlar çalışır. Onlar xarici festivallarda ölkəmizi uğurla təmsil edir­lər. Tamaşaçı sarıdan heç bir korluğumuz yoxdur. Elə olur ki, tamaşaya 3 gün qalmış bilet tapılmır.

Hafiz müəllimin dərs dediyi Mədə­niyyət və İncəsənət Universitetində iste­dadlı gənc rejissor və aktyorlar yetişir. Onlara daim dəstək olduğunu söyləyən rejissor bildirdi: 

– Müəllim kimi tələbələrimə dəstək göstərməyi özümə borc bilirəm. Mənim qrupuma qəbul olan tələbələrin səviyyəsi yüksəkdir. Tələbələrimə hər şeydən öncə bir şəxsiyyət kimi yanaşıram. Onların ha­mısı dahi rejissor ola bilməz. Elə istedadlı gənclərimiz var ki, onların səhnələşdirdiyi əsərlərə baxdıqda adam heyrətlənməyə bil­mir. 

Sonda sənət ocağının 116-cı mövsümə necə hazırlaşdığı ilə maraqlandıq. Re­jissor söylədi ki, ənənəyə uyğun olaraq, teatr hər il mövsümü görkəmli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən biri ilə açır. Mövsüm 18 Sentyabr Üzeyir Musiqi Günündə dahi bəstəkarın “Arşı mal alan” operettası ilə açılacaq. Ən önəmlisi odur ki, “Leyli və Məcnun” operası ilk dəfə sen-tyabrın 21-də dahi bəstəkarın doğulduğu Şuşada tamaşaçılara təqdim olunacaq.

Bu il teatrın repertuarının zəngin oldu­ğunu söyləyən Hafiz Quliyev bildirdi ki, bəstəkar Şəfiqə Axundovanın “Gəlin qaya­sı” operası yenidən səhnəyə qaytarılacaq.

Ceyhun ALIŞLI
XQ

Seçilən
191
xalqqazeti.az

1Mənbələr