AZ

Delimitasiya prosesində mühim addım: Bundan sonra nə olacaq? - DETALLAR

Ermənistan hökuməti Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqləyib. Ermənistan mətbuatı xəbər verir ki, sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.

Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Azərbaycanın yeni formalaşan parlamenti isə yəqin ki, ilk iş günlərindən birində müvafiq prosedura başlayacaq.

Bəs Ermənistan Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilərmi? Əsasnamələrin qarşılıqlı təsdiqi delimitasiya prosesini nə dərəcədə sürətləndirə bilər? Növbəti mərhələ sərhədin hansı hissəsini əhatə edəcək? Hərçənd bu da faktdır ki, Ermənistan bir yandan əsasnaməni təsdiq edir, o biri yandan da Naxçıvanı və Kəlbəcəri atəşə tutur.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməyə, sərhədlə bağlı razılaşmalara və yaxud Ermənistan parlamentinin qəbul edəcəyi sənədə veto qoyarsa, bu addım vəziyyəti gərginləşdirə bilər: “Bu, Nikol Paşinyanın da mövqelərini zəiflədə bilər. Ona görə də Nikol Paşinyan əlindən gələni etməyə çalışmalıdır və yaxud çalışacaq ki, həmin Əsasnamə Konstitusiya Məhkəməsində də təsdiq olunsun. Çünki onlar təsdiq etməsə bizim üçün də qeyri-müəyyənlik yaranacaq. Ona görə də hesab edirəm ki, böyük ehtimalla məsələ müsbət həllini tapacaq. Konstitusiya Məhkəməsi erməni cəmiyyəti və parlamentdəki hakimiyyət çoxluğunun da mövqeyi ilə hesablaşmalı olacaq. Əsasnamənin əleyhinə qərar qəbul etsə bu addım müxalifətin əlinə işləyəcək. Bu isə Ermənistandakı vəziyyəti gərginləşdirəcək”.

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Ermənistanda məlum Əsasnamənin təsdiqlənməsi ilə bağlı başlanmış proses normal hüquqi prosedurdur. İmzalanmış bütün beynəlxalq sənədlər ölkənin daxilində müvafiq təsdiqlənmə mərhələlərindən keçməlidir: “Əlbəttə, Əsasnamənin Konstitusiya Məhkəməsinin də təsdiqindən keçəcəyi ən çox ehtimal olunan reallıqlardan biridir. Əgər Ermənistanın təsdiqləməmə fikri olsaydı, onu elə ilkin mərhələdən geri qaytarardı. Belə görünür ki, Konstitusiya Məhkəməsi də təsdiqləyəcək. Ən azı ona görə ki, Ermənistanın özünü bu gün dünyada sülhsevər dövlət kimi göstərməsinə ehtiyacı var. Delimitasiya danışıqlarından kobud formada geri çəkilmək Ermənistana sərf eləmir. Ona görə də delimitasiya və demarkasiya prosesi artıq başlanıb. Artıq 4 kəndin Azərbaycana qaytarılması reallaşıb və 13 kilometr sərhəd demarkasiya olunub. Belə bir vəziyyətdə Ermənistan Konstitusiya Məhkəməsinin Əsasnaməni təsdiq etməməsində məntqi görünməz.

O ki qaldı növbəti demarkasiya, delimitasiya prosesinin harada olacağına, daha öncələrdən Ermənistan baş naziri bu dəfə prosesin Zəngəzur dəhlizinə aid olan hissədə həyata keçirləcəyi ilə bağlı fikir bildirib. Əslində prinsipcə Azərbaycan üçün o qədər fərqi yoxdur ki, delimitasiyanın növbəti mərhələsi harda gedəcək. Amma Azərbaycanın da elan olunmuş mövqeyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan əvvəlcə anklav olmayan kəndlərin qaytarılması üzərində təkid etmişdi, sonra isə anklav olan kəndlərlə bağlı delimitasiya danışıqlarını məqbul saymışdı. Yəni hesab etmək olar ki, Azərbaycan üçün bundan sonrakı məqbul variant yerdə qalan 4 kəndin məsələsinin həll olunmasıdır. Hansı variantın seçiləcəyini isə gələcək göstərəcək".

A.Quliyev qeyd etdi ki, delimitasiya və demarkasiya prosesi ilə bağlı danışıqların getdiyi bir mərhələdə şərti sərhədlərdə atəşkəsin Ermənistan tərəfindən pozulması Ermənistan hakimiyyətinin Azərbaycanla münasibətləri tam normallaşdırmaqda hələ iradə sahibi olmadığını nümayiş elətdirir. Eyni zamanda biz bilirik ki, Ermənistan hakimiyyətində vahid xətt yoxdur. Eyni vaxtda müxtəlif mərkəzlərdən təlimat alan və müxtəlif siyasi kurslar aparan dairələr var. Güman ki, Ermənistan hakimiyyətində bir qol sülh danışıqlarının problemlər meydana gətirmədən aparılmasını istəyir, başqa bir qol isə müharibə şəraitini saxlamaqda maraqlıdır. Atəşkəsin pozulması da bundan qaynaqlanır. Eyni zamanda atəşkəsin pozulması Ermənistan hakimiyyətinin danışıqlar prosesində Azərbaycana təzyiq niyyəti güdməsi kimi qiymətləndirilə bilər". 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyasının əsasnaməsinin təsdiqi ikitərəfli danışıqlar nəticəsində əldə edildi. Bu, danışıqlarda uğurlu bir prosesdir və sülh müqaviləsinin imzalanması istiqamətində növbəti uğurlu bir gedişatdir: “Ermənistan hökuməti sənədi təsdiq etdi. Konstitusiya Məhkəməsi də təsdiq edəcək. Çünki Nikol Paşinyan Konstitusiya Məhkəməsinin tərkibini dəyişib və özünə yaxın şəxsləri təyin edib. Düşünürəm ki, proses sürətlənəcək. Ermənistan Konstitusiya Məhkəməsi sənədi  təsdiq etməzsə, bu Nikol Paşinyanin nüfuzuna zərbə vurar və siyasi hakimiyyətin dayaqlarını laxldada bilər. Parlament də təsdiq edəcək. Ermənistan parlamentində Robert Köçəryan və Serj Sərkisyanın partiyaları bu sənədin əleyhinə səs verəcək. Lakin son nıticədə Əsasnamə təsdiq ediləcək. Demarkasiya və delimitasiya Zəngəzur istiqamətində aparılacaq. Burada Ermənistan tərəfi güzəşt istəyir. O istiqamətdə mümkündür ki, sərhəd dəqiqləşmələri aparılsın. Ermənistan tərəfindən sürəcin davam etdiyi bir vaxtda atəşkəsi pozulması orduda olan keçmiş Qarabağ klanına məxsus şəxslər tərəfindən edilir. Onlar Nikol Paşinyanın bu əsasnaməni qəbul etməsinə qarşıdır. Nikol Paşinyan orduda tam təmizləmə apara bilməyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
hit.az

2Mənbələr