AZ

Kanadada məhkəmələr, sanki müttəhimlərə vəkillik edir - Ənvər Əliyev

Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Kanadanın Toronto şəhərində biraylıq səfərdə olmuş  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevla hafta.az üçün söhbətimizdə həmin ölkəni tanınmış alimə sevdirən əsas məqamlar və üstünlüklər, Kanada sakinlərinin qonaqlara, miqrantlara münasibəti, kanadalıların ekologiyaya, təbiətə, o cümlədən su ehtiyatlarına qayğısı, ölkədə polis-vətəndaş, məhkəmə-vətəndaş münasibətlərinin necə qurulması, Kanadada sosial durum, ərzaq qiymətləri və s. haqda danışdı.

-Ənvər bəy, Kanadaya gəldiyiniz ilk dəqiqələrdə diqqətinizi cəlb edən əsas məqamlar hansılar oldu?

-Təyyarəmiz Kanadaya endiyi ilk dəqiqələrdə bizi şimal enliyinin meşə zonalarına xas olan gözəl bir yağışlı hava qarşıladı... Hava limanında diqqətimi cəlb  edən məqamlardan biri orada sadə texniki, təmizlik işlərinə baxan əməkdaşların əsasən Hindistan, Pakistan, Əfqanıstan kimi Böyük Britaniyanın keçmiş müstəmləkə və ya protektoratlarından gəlmiş ingilis dilini yaxşı bilən insanların olması oldu. Yol yoldaşım olan və bu ölkəyə mütəmadi səfərlər edən iki türk də təsdiq etdi ki, Kanadada belə işləri görənlərin çox böyük əskəriyyəti gəlmələrdir. Sonrakı müşahidələrimdə də mən bunun həqiqət olduğunu öyrəndim.  Kanadada yerli, aborigen anqlo-saks əhalinin nümayəndələri isə əsasən idarəçilik vəzifələrində, ictimai-siyasi, elmi işlərdə və s. çalışırlar...

- Bu ölkənin əsas hansı üstünlükləri bir coğrafiyaşünas, seysmoloq olaraq sizin onu sevmənizə təkan verdi?

- Mən səfərdə olduğum Toronto şəhəri Şimali Amerikanın meşə zonasının ən gözəl şəhərlərindən biridir. 7 milyona yaxın əhalisi olan bu şəhərin elə ilk müşahidələrdən qayda-qanunlarla idarə olunduğu hiss edilir. Sakinlərin öz Vətənlərinə, şəhərlərinə həddindən artıq sevgi, diqqət, qayğı ilə yanaşmasını da duydum.

Şəhərkənarı evlər hamısı meşənin içərisindədir. Oradakı dəbdəbəli villalar belə, Azərbaycandakı kimi yüksək hasarlarla, barmaqlıqlarla əhatə olunmur, yoldan birbaşa evin həyətinə daxil olursan. Söhbətlərdən belə qənaətə gəldim ki, bəzən ev sahibləri aylarla xarici səfərlərdə-filanda olsa da, kiminsə evlərə girməsi, yəni oğurluq, talançılıq hallarına rast gəlinmir. Nadir hallarda belə olaylar baş versə də, onların yerli yox, gəlmə adamlar tərəfindən törədildiyi qeyd edilir. Yerli sakinlər hətta yerdə bir kağız qırıntısı görəndə də deyirlər ki, bu zibili mütləq gəlmələr atıb...

- Kanada sakinlərinin qonaqlara, miqrantlara münasibəti necədir?

- Kanadalıların qonaqlara münasibətləri çox yaxşıdır. Bəhs etdiyimiz aborigen, yerli əhali daim gülərüzlü görünür, heç vaxt kənardan baxanlara əsəbi, qəmli-kədərli, bədbin, pessimist təsir bağışlamırlar. İnsanlar bir-birini ən cüzi formada belə, incitməməyə çalışırlar. Hətta tanışlardan biri mənə danışdı ki, çalışdığım müəssisədə rəhbəri olduğum əməkdaşlardan birinə bir az kəskin formada onun öz işində ciddi nöqsanlara yol verməsi haqda yazmışdım. Bundan xəbər tutan müdiriyyət məni çağırıb nəzakətlə dedi ki, əməkdaşlarla, insanlarla belə kəskin danışmaq olmaz. Nəticədə mən həmin əməkdaşdan üzr istəməli oldum. Ümumiyyətlə, Kanadada bu cür yanaşmalar insanın şəxsiyyətinə toxunmaq kimi dəyərləndirilir...

Orada hətta yaxından tanış olmayan şəxslərin bilə-bilə bir-birlərinə toxunması da kobudluq sayılır. Bir dəfə mağazalardan birinin nəzarətçisi mənə yaxşılıq etmişdi, ona təşəkkür etmək üçün əlini sıxmaq istədim, yanımdakı soydaşlarım dedi ki, ehtiyac deyil. Bəzən belə hərəkətə görə adam kəskin cavab verirlər...

Şəhərdə heç bir yerdə növbələrə, basabasa-filana, tıxaclara da rast gəlmədim...

Onu da deyim ki, Torontoda avtomobilsiz yaşamaq çox çətindir. Hər 100 nəfərə 70 maşın düşür. Avtomobillərdə quraşdırılmış elektron qurğular vasitəsilə şəhər barədə istənilən suala cavab tapmaq olur: “Harada benzinin qiyməti neçəyədir? Harada hansı ərzaqlar satılır? Və s.

Onun da şahidi oldum ki, kanadalılar istirahət günlərində əyləncələrə çox üstünlük verirlər. Şəhərin müəyyən olunmuş hissələrində, həm mərkəzdə, həm də kənarlarda pulsuz konsertlər verilir. Mən də maraq üçün bir neçə konsertlərində oldum. Normal musiqilər, mahnılar səsləndirilir, insanlar rəqs edir, deyib-gülürlər. Bir sözlə, asudə vaxtlarını normal və mənalı keçirirlər...

- Sosial şəbəkələrdəki şərhlərinizdən görünür ki, deyəsən, sizi daha çox kanadalıların ekologiyaya, təbiətə, o cümlədən su ehtiyatlarına qayğısı cəlb edib?

- Bəli, Kanada içməli su ehtiyatlarına görə dünyanın öncül ölkəsidir. Bir ay müddətində mən onun ən böyük şəhəri olan Torontonun xeyli hissəsini gəzdim: boş yerə bir damcı da olsun su axıdıldığını görmədim... Bir də kanadalıların şəhərkənarı sahələrdə gəzintilərə, pikniklərə çıxarkən təbiətə qarşı davranışları diqqətimi cəlb etdi. Şəhərin müvafiq qurumları, bələdiyyə və s. isə gəzintiyə çıxmış insanlara çatışmayan ləvazimatları çatdırmaqda dəstək olurlar. Xüsusən gəzintiyə gələn hər bir kəsi yediyi qidaların qalıqlarını-filanı toplamaq üçün zibil torbaları ilə təmin edirlər. Və təbii ki, insanlar da gəzdikləri, qoynunda istirahət etdikləri meşələri, çəmənləri qətiyyən zibilləmirlər...

Ölkədə heyvanat aləmi də çox zəngindir. Elə Toronto şəhərinin öz içərisində bu, hiss olunurdu. Təsəvvür edin, şəhərin ortasındakı küçələrdə, parklarda ağacların üzərində dələlər oynaşır. Hətta mən səhər tezdən oyananda meşədə tülkülərə, marallara və s. heyvanlara rast gəlirdim. Amma onu da öyrəndim ki, Kanadada heyvanlara toxunmaq, onları yemləmək qadağandır. Onlar öz problemlərini özləri həll etməlidirlər...

- Kanadada polis-vətəndaş, polis-əcnəbi münasibətlərini necə gördünüz?

- Kanadada olduğum bir ay müddətində, demək olar ki, qarşıma polis çıxmadı. Ölkədə ümumiyyətlə, polis yoxdur. İnsanlar, sakinlər, vətəndaşlar şüurlu şəkildə özləri asayişə, sakitliyə, əmin-amanlığa nəzarət edirlər...

Yeri gəlmişkən, məhkəmələrin də  vətəndaşlara münasibəti ilə maraqlandım. Məlum oldu ki, Kanadada məhkəmələr müəyyən inzibati xəta, cinayət törətmiş insanları dərhal məhkum etməyə yox, onlara özlərini qorumaq üçün mümkün qədər şərait yaratmağa, sanki ittiham olunanlara, müttəhimlərə vəkillik etməyə çalışırlar. Məsələn, taksi sürücülüyü ilə məşğul olan miqrantlardan biri danışır ki, bir dəfə qəza işi ilə bağlı məhkəmənin ilk baxışdan mənə 400 dollar cərimə kəsəcəyi gözlənilirdi. Lakin onlar məsələni ciddi araşdırdıqdan qəza vaxtı havanın həddindən artıq yağışlı-küləkli və s. olmasını nəzərə alaraq məni cəmi 40 dollar cərimə etdilər...

Ümumiyyətlə, hiss olunur ki, Kanada dövlətinin yeganə qayəsi vətəndaşına necə kömək göstərməyə, onun işinə necə yarımağa, bir sözlə, onu necə xoşbəxt etməyə yönəlib...

- Sosial durum, ərzaq qiymətləri necədir?

- Ərzaq qiymətləri Azərbaycana nisbətən baha olsa da, əlbəttə, əmək haqları bizdəkindən dəfələrlə yüksəkdir. Kanadada orta aylıq əmək haqqı 5 081 dollardır. Eyni zamanda bütün ərzaqlar, meyvə-tərəvəz çox keyfiyyətlidir, ekoloji təmizliyinə zəmanət yüksək dərəcədədir. Torontoda ABŞ-dən gətirilən qarpızların dadı qeyri-adidir, sanki dondurma yeyirsən...

Onu da hiss etdim ki, insanlar öz hökumətlərinə, dövlətlərinə yetərincə etibar edirlər. Mən bir dəfə sakinlərdən biri ilə söhbət zamanı maraqlandım ki, şəhərdə hər yerdə parklarda, meşələrdə internet işləyir, bunun səhhətinizə zərər vurmasından ehtiyat etmirsiz ki. O, cavab verdi ki, biz öz hökumət qurumlarımıza, o cümlədən internet xətlərinin çoxluğunun sağlamlığımıza zərər vurmadığını deyən Səhiyyə Naziriyimizə inanırıq, etibar edirik...

Onun  da şahidi oldum, Kanadada dövlət, hökumət qurumları  nəıinki vətəndaşların, hətta ölkələrində təhsil almağa, işləməyə gəlmiş əcnəbilərin biliyinə, savadına, istedadına yüksək səviyyədə diqqət göstərir. Bunu artıq neçə ildir orada yaşayan, işləyən oğlumun timsalında da təsdiqini gördüm... Oğlumun ixtisası Azərbaycanda çox az insana tanış olan “aktuari” adlandırılan bir elm üzrədir. Dövlətin müxtəlif sahələr( kənd təsərrüfatı, sənaye, pensiyalar və s.) üzrə strateji planlaşdırmasıyla məşğul olan ixtisas növüdür. O, Britaniyanın Vaterloo universitetini magistraturasını onlayn olaraq həmin ixtisas üzrə bitirib və sonra Kanadada işləməyə başlayıb və ondan orada qalıb işləməyi xahiş ediblər. Deməli, oğlumun elmi müdafiə işi müxtəlif təbii fəlakətlər zamanı Kanadanın kənd təsərrüfatına dəyən zərərlərin hesablanması və müxtəlif təsərrüfat sahələrinin gəliri-çıxarının və s. buna uyğun hesablanması kimi bir mövzu ilə bağlı olub. Müdafiədə iştirak edən kənd təsərrüfatı nazirinin müavini oğlumun işini bəyənib və təkid edib ki, o məhz Kanadada qalıb işləsin. Onunla bərabər elmi işlərini müdafiə edənlərdən yalnız 3-ü Kanada da saxlanılıb, qalanları ABŞ-yə göndərilib...

 

Seçilən
274
46
hafta.az

10Mənbələr