Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında Slovakiya ilə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sabah – sentyabrın 8-də Koşitse Futbol Arenasında Slovakiya yığmasının qonağı olacaq.
Bu oyundan öncə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos və komandamızın üzvü Toral Bayramov jurnalistlər önünə çıxıblar.
69 yaşlı portuqaliyalı mütəxəssis matçdan öncə bunları dilə gətirib:
“Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm.
Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yolda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.
“Qarabağ”ın formasını geyinən Toral Bayramov isə bunları söyləyib:
“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.
Qeyd edək ki, sabah Koşitse Futbol Arenasında baş tutacaq Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Millimiz ilk turda evdə İsveçə 1:3 hesabıyla uduzub, Slovakiya isə səfərdə Estoniyanı 1:0 üstələyib.