AZ

"Ramil topun arxasına keçəndə hansı nöqtəyə vuracağını büruzə verdi" - isveçli

Azərbaycan – İsveç matçını media sektorundan izləyənlər arasında “Sport Bladet” nəşrinin yazarı Erik Niva da olub.

Həmkarımızın bu matçla bağlı yazısını diqqətinizə çatdırırıq.

“İsveç “gəmi”si ötən ilin noyabrında Bakıda qəzaya uğramışdı (AÇ-2024, seçmə mərhələ - 0:3). Bu dəfə Azərbaycandan qayıdan komandanın göyərtəsində “qələbə yelkəni” dalğalanacaq. Yon Dal Tomassonun dediyi kimi, qələbə asan olmadı. Rəqib matçın böyük hissəsində komandamıza çətinlik yaratdı. 3 il əvvəl yığmamızın Avropa çempionu olacağını iddia edə bilərdim. Lakin son vaxtlar yaşanan enişlər əmin düşüncələrimdə şübhə oyatmışdı. Azərbaycanın bir neçə ay əvvəl yığmamızı döyməsini unutmamışam. “Tofiq Bəhramov”a daxil olanda həmin hissləri xatırladım. Yenə yarıboş stadion və səviyyəli rəqib... İlk dəqiqələr rəqibin çox təhlükəli oyununa şahidlik etdim. Start heyətində səkkiz stokholmlunun olmasıyla Kulusevskinin inamsız oyunu bir-biriylə uyğunlaşmırdı. Millimizin bulanıq tərzini yalnız Viktorun möcüzəvi qurtarışları aydınlaşdırırdı. Bəli, kifayət qədər hücumlar edirdik, amma nəsə çatışmırdı. Bu barədə söz demək çətindi. Çünki rəqib də eyni halla dəfələrlə üzləşdi. Hücum edərkən topu itirib sonra geri ala bilmirdik. Arxa xətt çox təcrübəsiz görünürdü. Əlbəttə, bunun belə olmadığı bəllidi. Bəs nə baş verirdi? Azərbaycanlılar 4-5 oyunçunu rahatlıqla keçir, xüsusilə Yasin Ayyari və Mattias Svanberqdən çəkinmirdi. Komandamız içiboş təsir bağışlayırdı. Rəqibin hücum xəttinin ulduzu Emin Mahmudov yarımmüdafiə xəttini dəfələrlə və asanlıqla yardı. Ona azarkeşlər tərəfindən də güclü dəstək var idi. Tomassonun başqa bir ifadəsi də doğrudu: oyunun qırılma nöqtəsi Ramilin penaltini qaçırması deyildi. Məncə, Kulusevski və Dyokereşin qəzəblənməsi və azərbaycanlılara qarşı daha çox güc sərf etməsi İsakın qol vurmasını asanlaşdırdı. Bu yöndə əməkdaşlığın davam etməsi fərqi artırdı və böyük hesabla qalib gəldik. Qulaq asın, mən daha çox yaza bilməyəcəm. Sərt Azərbaycan polisi bütün arenada “vayfay”ın söndürüləcəyini deyir. Onu bilin ki, rəqib yalnız 82-ci dəqiqədə qol vurmaqla fəlakətdən canını qurtardı”.


Millimizin qapısından iki qol keçirən Aleksandr İsakın “Sport Bladet”ə açıqlaması da diqqəti çəkir. “Nyukasl”ın hücumçusu het-trik müəllifi olmaq arzusunu gizlətmir:

“Qələbə qazanmaq gözəl hissdi. İki qol vurdum. Penaltini mən yerinə yetirsəm, het-trik edəcəkdim. Amma bəzən səxavətli olmaq lazımdı. Çünki Dyokereş hər iki qolumda mənə kömək etdi. Bu üzdən ondan penalti vurmaq istəyib-istəmədiyini soruşdum. O, het-trik müəllifi olacağıma inandığını dedi. Lakin Dyokereşin də qola ac olduğunu bilirdim”.

Eyni nəşrə danışan Viktor Dyokereş də komanda yoldaşının dediyini təsdiqləyib:

“İsakın het-trik etməsini istəyirdim. Bunu bacaracağına inanırdım. Məsələni müzakirə etdik və penaltini mənim vurmağımı istədiyini dedi. Onun yerində mən olsam, eyni şeyi edərdim. İsak çox yaxşı futbolçudu. Rəqib qapıçı? Bəli, o məni aldatmaq istəyirdi. Bilmirdi ki, mən onu aldadacam (gülür). Nəticədə topun əks istiqamətinə tullandı”.

Ramilin zərbəsini dəf edən qolkiper Viktor Yohanssonu da dinləyək:

“Seyvlərlə komandama kömək etmək çox əyləncəli idi. Bəli, rəqibin penaltisini dəf etdim. O, topun arxasına keçəndə hansı nöqtəyə vuracağını büruzə verdi. Həmin an hiss etdim ki, zərbəni dəf edəcəm. İsveçdən bura gələn azarkeşlərimiz önündə qələbə qazandığımız üçün sevincliyik”.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
football-plus.az

1Mənbələr