AZ

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq sistemlə)

Mehdi Cənnətov – 5,5
Çoxları Santuşun “çərçivə”ni Yusif İmanova tapşıracağını düşünürdü. Rza Cəfərovu ilk dəqiqələrdən meydanda görmək istəyənlər də var idi. Amma bütün bu ehtimalların əksinə, qapı Cənnətova tapşırılmışdı. “Sumqayıt”ın qapıçısı topu üç dəfə tordan çıxarmağa məcbur olsa da, bir çox epizodda inamlı oynadı. Mehdinin azı 3-4 dəfə qapımızı qoldan xilas etdiyi qeyd etməliyik. Qapıçının oyunununa daha yaxşı qiymət vermək olardı. Lakin 80-ci dəqiqədəki penalti epizodu onun passivinə yazıldı. Çünki İsak iki futbolçumuzun müşayiəti altındaydı, onu yıxmamaq olardı. Buraxılan ilk qolda Mehdini günahlandırmaq çətindisə, ikinci qolda qapını gec və uğursuz tərk etdiyini də vurğulamalıyıq. Bütün bunlar isə Mehdinin heç də pis görünmədiyi oyunda çəkdiyi zəhmətin üzərinə kölgə salır.

Elvin Cəfərquliyev – 5,0
“Qarabağ”da əzmkar və sürətli oyununa adət etdiyimiz Elvin millidə o qədər də yaxşı görünmədi. Etiraf etməliyik ki, müdafiənin sol cinahı etibarlı görünmürdü, elə bu səbəbdən də isveçlilər bu cinahdan qapımıza doğru tez-tez hücum qura bilirdi. Elə ilk qolun vurulduğu epizodda da hücum burdan başladı. Dyokereş xeyli irəliləyib, qapı qarşısına məhsuldar ötürmə verdiyi zaman Elvin, ümumiyyətlə, mövqeyini itirmişdi. Bu da səbəbsiz deyil, həmin ana qədər cinahla irəli-geri “işləməyə” çalışan Cəfərquliyev yorulmuşdu. İsak ikinci qolu vurarkən da Elvin ona mane ola bilmədi, hücumçunu xaotik hərəkətlərlə müşayiət etməklə kifayətləndi.

Bədavi Hüseynov – 5,0
Bədavi çox çalışdı, əlindən gələni etməyə çalışdı. Bəli, məhz əlindən gələni, amma fakt ortadadı ki, 33 yaşlı mərkəz müdafiəçisinin əlindən elə də çox şey gəlmir. Fiziki güc hesabına rəqibə mane olmağa çalışan Hüseynov rəqibə sürətdə uduzurdu. İkinci hissədə fiziki yorğunluq da özünü göstərir, bu da bilavasitəs sürətin azalmasına səbəb olurdu. 65-ci dəqiqəyə qədər rəqibin hücumlarının qarşısını pis-yaxşı almağı bacaran mərkəz müdafiəçisi Dyokereşin sürətli keçidinə mane ola bilmədi. “17” nömrə məhz onu keçdikdən sonra İsaka məhsuldar ötürmə verdi. Dayaq yarımmüdafiəçilərinin üzərinə düşəni edə bilməməsi Bədaviylə Bəhlulun “yükünü” artırmışdı ki, qapımıza ikinci qol da məhz bu cür vuruldu. Mehdinin səbəb olduğu penalti epizodunda isə Bədavi rəqibə müdaxilə etməyə gecikmişdi.

Bəhlul Mustafazadə - 5,5
Müdafiənin mərkəzində maksimum səhvsiz oynamağa çalışan “Qarabağ”lı hücumlarımız zamanı da irəli çıxır, qol vurmaq üçün çalışırdı. 19-cu dəqiqədə rəqibin mərkəzdən təşkil etməyə çalışdığı hücum məhz onun sayəsində böyük təhlükəyə çevrilmədi. 33-cü dəqiqədə isə onun buraxdığı səhvi Bədavi “sığortalamasaydı”, hesab açıla bilərdi. Həmin epizodda o, İsakın qapıya paralel ötürmə etməsinə əngəl olmağı bacarmamışdı. 2-ci hissədə Bəhlulun da oyununda həm yorğunluq, həm də tələskənlik özünü göstərirdi. Elə ilk qol zamanı müdafiənin mərkəzindəki boşluq da bunun nəticəsi idi. Qapımızda üç top görmüşüksə, sözsüz, bunda qapıçı və digər müdafiəçilər kimi, Bəhlulun da məsuliyyət payı var.

Abbas Hüseynov – 5,5
Abbasın oyun təcrübəsinin azlığı özünü göstərirdi. Düzdü, müdafədiə boşluq vermir, hücumlara dəstək olmağa çalışırdı. Etiraf etməliyik ki, Abbas indi əvvəlki formasından çox uzaqdı. Bu da onun istədiklərini və azarkeşlərin ondan gözlədiklərini meydanda həyata keçirə bilməməsiylə nəticələnirdi. İlk hissənin ortalarındakı epizodların birində Hüseynovun uzaqdan verdiyi ötürmə ilə komandamız yaxşı hücum qurdu. Belə yaxşı ötürmələrin sayının az olması da Abbasın əvvəlki formasından uzaq olmasının göstəricisidi. Amma azarkeşlər onun çalışqanlığını qiymətləndirdi, müdafiəçi 83-cü dəqiqədə Seydiyevlə əvəzlənərkən tribunalardan alqış səsi gəldi.

Coşqun Diniyev – 5,5
Az əvvəl qeyd etdiyimiz kimi, İsveçlə oyunda millimizin dayaq yarımmüdafiəçiləri üzərinə düşən işin öhdəsindən gələ bilmədi. Onlar rəqibin həmlələrini mərkəz dairəsinin yaxınlığında qarşılamalı, təhlükənin cərimə meydançasına qədər çatmasına mane olmalıydılar. Di gəl ki, nə Coşqun, nə də Aleksey İsayev bu tapşırığın öhdəsindən gələ bildi. Əvəzində Diniyev qapı qarşısında bir neçə epizodda effektli oynadı ki, bunu qeyd etməliyik. Rəqibin ilk hücumlarının birində Coşqun mərkəz müdafiəçisi kimi çıxış edib, təhlükəni önlədi. 21-ci dəqiqədəki küncə zərbəsi zamanı isə Diniyev qapıya gedən topu xəttin üzərində qarşılayaraq uzaqlaşdırdı. Əks halda hesab açıla bilərdi. Bununla belə, əsas işinin öhdəsindən yaxşı gəlməməsi Coşqunun qiymətini aşağı salır. 75-ci dəqiqədə əvəzlənməsi də təsadüfi deyildi.

Aleksey İsayev – 5,5
Elə Aleksey haqda da eyni sözləri demək olar. Onun da problemi dayaq yarımmüdafiəçi mövqeyində nə dağıdıcı, nə də yaradıcı kimi effektli ola bilməməsi idi. İsayevin yaxşı futbol məktəbi görməsi, istedadlı olması ara-sıra hiss edilirdi. Amma oyun təcrübəsinin azlığı, “Qarabağ”da daim meydana çıxa bilməməsi burda da özünü göstərirdi. 58-ci dəqiqədə İsayevin uzaqdan vurduğu zərbədə dəqiqlik çatmadı. Halbuki həmin zərbə dəqiq olsaydı, hesabı açan Aleksey oyunun qəhrəmanına çevrilə bilərdi. Santuşun 83-cü dəqiqədə əvəzlədiyi futbolçulardan birinin İsayev olması da baş məşqçinin onun oyunundan razı qalmamasının göstəricisi sayıla bilər.

Emin Mahmudov – 6,0
Kapitan çox çalışdı, döyüşdü. “Neftçi”dəki işlərinin qaydasında getməməsi millidə də ara-sıra hiss olunurdu. Heç də təsadüfi deyil ki, millimizin penalti qazandığı epizodda top onun əlində olsa da, penalti vurmaq hüququnu asanlıqla Ramil Şeydayevə verdi. Çoxları həmin vaxt Emindən kapitan qətiyyəti, məsuliyyəti öz üzərinə götürməyi gözləyirdi. Bəzən meydanda “itib-batsa” da, bir çox təhlükəli vəziyyəti onun dirijorluğu ilə yaratdıq. 3-cü dəqiqədə topu az qala boş qalmış qapıya göndərə bilməyən futbolçulardan biri də Emin idi. Bir epizodda Toralı zərbə mövqeyinə çıxaran Emin 63-cü dəqiqədə qol vurmağımız üçün hər şeyi etdi. Onun Renata doğru asmasını hücumçu düzgün baş zərbəsiylə qapıdan keçirməyə borclu idi. Lakin bu cür əla fürsət boşa verildi. Görünür, Santuş Eminin yorulduğunu hiss etdi və onu 69-cu dəqiqədə əvəzlədi. Millimizin oyunundakı yaradıcılıq elementləri də bundan sonra yoxa çıxdı.

Toral Bayramov – 6,5
Toral həmişə kimi çalışqan və sürətli idi. Onu tez-tez İsveçin cərimə meydançasında görmək olurdu. Elə ilk hissənin sonlarında Renatın penalti qazandığı epizodda da ona ötürməni verən Bayramov idi. Təəssüf ki, qazandığımız penaltini vurmaq ona tapşırılmadı. “Qarabağ”da bu tapşırığın öhdəsindən həmişə məharətlə gələn Toral, çətin ki, “nöqtə”də büdrəyəcəkdi. Belədə oyunun da ssenarisi dəyişə bilərdi. Sol cinah yarımmüdafiəçisi kimi özünü yaxşı hiss edən Toral millimizin ən yaxşılarından idi. Təəssüf ki, ümumi nəticənin xeyrimizə olmaması onun da zəhmətinin boşa getməsi deməkdi.

Ramil Şeydayev – 5,0
Heç şübhəsiz, İsveçlə oyunun anti-qəhrəmanı statusuna ən çox layiq olan futbolçu Şeydayevdi. Topu Eminin əlindən alaraq, məsuliyyəti üzərinə götürən hücumçu penaltini hədsiz inamsız yerinə yetirdi. Çalışqan və hərəkətli görünsə də, onun oyunu “Neftçi”dəki kimi xaotik təsir bağışlayırdı, nə etmək istədiyi tam aydın olmurdu. Görünür, klubda işlərinin qaydasında getməməsi psixoloji dururumuna da təsirsiz ötürşməyib.

Renat Dadaşov – 6,0
Renat çox çalışdı. Birinci hissənin sonlarında məhz ona qarşı kobudluğa görə hakim komandamızın xeyrinə penalti təyin etdi. Elə millimizin vurduğu yeganə qol da onun hesabına yazıldı. Bu qol Renatın 90 dəqiqə ərzində nümayiş etdirdiyi çalışqanlığın mükafatıdı. Bir epizodda isə top onun zərbəsindən sonra dirəyə tuş gəldi. Emin Mahmudovun az qala “al, bunu qapıya vur” dediyi ötürməsini sözün əsl mənasında havaya uçurması Dadaşovun passivinə yazılmalıdı. Halbuki həmin topu qapıdan keçirsəydi, İsveçlə oyunda xala ümid edə bilərdik. Hər halda, millimizin heyətində ən yaxşılardan olan Renatın oyunu xoş sözlərə layiqdi.

Ceyhun Nuriyev – 5,5
Emin Mahmudovu əvəzləyən Ceyhun ondan gözləniləni verə bilmədi. İlk ciddi həmlələrinin birində başından xəsarət alan, uzun müddət başını tutaraq gəzən Nuriyev ondan sonra diqqəti çəkmədi. Sanki bu səviyyəli oyuna hazır deyildi. Milli səviyyəsində oyun təcrübəsinin yox səviyyəsində olduğunu da nəzərə alsaq, Santuşun bu əvəzetməsinin perspektivə hesablandığını deyə bilərik.

Ozan Can Kökçü – 5,5
Bu yay Finlandiyaya köç edən Kökçü də ondan gözləniləni verə bilmədi. Sonradan meydana daxil olan futbolçuların oyuna yeni nəfəs gətirməsi, oyunun axarını dəyişməsi gözlənilir ki, bunda təəccüblü heç nə yoxdu. Amma bunu Ozan Canın ifasında görə bilmədik.

Nəriman Axundzadə - qiymətsiz
Amin Seydiyev – qiymətsiz
Elvin Camalov – qiymətsiz

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
football-plus.az

1Mənbələr