AZ

“Göyqurdlar” oyundan əvvəl Fernando Santuşla görüşüb

Srağagün 31200 yerlik “Tofiq Bəhramov”a cəmi 9450 azarkeş toplaşmışdı. “Göyqurdlar” yenə də yığmanı ən fəal şəkildə dəstəklədi. Ancaq necə deyərlər, bir güllə bahar olmur!

"Göyqurdlar"ın rəhbəri Elnur Şəriflinin fikirlərini öyrənməyi lazım bildik:

"Əlimizdən gələn qədər komandamıza sona qədər dəstək olmağa çalışdıq. Geri düşsək belə, susmadıq, komandamıza arxasında olduğumuzu hiss etdirdik. Dəstəyimizə cavab verərək sona qədər vuruşdular və qol vurdular. 0:3-dan sonra komandanın qol vurması mübarizə ruhunun yarandığını göstərir. Santuşla matçdan öncə görüşümüz olmuşdu. Həmin söhbət zamanı mütəxəssisə ondan nələri gözlədiyimizi və tələblərimizi çatdırmışdıq. Millidə yeni simalar görmək istəyirik, daha “milliləşdirilmiş” futbolçular yox. Penalti epizoduna gəlincə, Ramilin Emin Mahmudovun əlindən topu götürüb vurmasını qəbul etmirik. Bu həm bizə, həm kapitana, həm də baş məşqçiyə hörmətsizlikdi. Uşaqların motivasiyasının qırılmaması üçün etiraz etmədik. Ancaq bir də bu halla qarşılaşdığımız təqdirdə çox ağır etiraz bildirəcəyik. Bütün komanda kapitana hörmət edib dinləməlidi. Emin Mahmudova bir daha təşəkkür edirik ki, matçdan sonra dəstəyimizi qarşılıqsız qoymayaraq bütün heyəti toplayıb tribunamıza gətirdi və komandamızı alqışladıq. Hörmət qarşılıqdı, biz işimizi-gücümüzü atıb sona qədər dəstək veririksə, matç sonunda eyni hərəkəti də nəticədən asılı olmayaraq, oyunçularımızdan hər zaman gözləyirik. Azarkeşləri isə qınamıram. Tərəfdarlar nəticə gözləyir. Bu səbəbdən düşünürəm ki, nəticələr gəldikcə onları yavaş-yavaş stadiona qaytaracağıq. Biz də bunun üçün var gücümüzlə çalışırıq".

AKİF ƏHMƏDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
football-plus.az

1Mənbələr