Bu məğlubiyyət, eləcə də qarşıdakı Slovakiya ilə oyundan gözləntilər mövzusunda təcrübəli mütəxəssis Aslan Kərimovla danışdıq:
“Məğlub olmağımıza baxmayaraq, xoş təəssürat yaşadım. Oyundan əvvəl qarşılaşmanın heç-heçə bitmə potensialını vurğulamışdım. Çünki yığmamız bir neçə ay əvvəl Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəlmişdi. Həmin qələbə bizi aldatmalı deyildi. Bu oyunda da qələbə qazana bilərdik. Hər iki komanda hücumda fəallığı ilə seçilirdi. Bununla da çoxlu qol imkanları yaranırdı. Müdafiə xəttində boşluqlar hiss olunurdu. Ümumiyətlə, komanda şəklində müdafiə olunmaqda çətinlik çəkirdik. İsveç millisinin müdafiə xəttində də böyük boşluqlar yaranırdı. Rəqib komanda şəklində hücum edərkən, keçidlərdə boşluqlar yaranırdı və oyunçularımız bu boşluqlardan istifadə edirdilər. Yadıma gəlmir ki, hansısa başqa milliylə oyunda bu qədər qol şansımız olsun. Təbii ki, özümüzdən zəif komandalarla oyunda fürsətlərimiz olub. İsveç millisi kimi bir kollektivə qarşı isə bu qədər imkanımız olmayıb. Əfsuslar olsun ki, həmin imkanlardan istifadə edə bilmədik. Biz də keçidlər zamanı boşluqlar yaratdıq. İsveç millisinin futbolçuları yaxşı oyunçulardı. Hücumameyilli futbolçuları top-klublarda çıxış edirlər. Yığmamızın verdiyi boşluqlardan mərahətlə istifadə yararlanmaları onların ustalıq səviyyəsini göstərir. Əfsuslar olsun ki, ikinci hissədə qollar buraxmağa başladıq. Rəqib ard-arda iki qol vurandan sonra oyunun taleyini həll etdi”.
Mütəxəssis qalmaqallı penalti epizodundan da bəhs etdi:
“Oyunun ssenarisi başqa cür ola bilərdi. Düşünürəm ki, penaltini qola çevirə bilsəydik, məğlub olmayacaqdıq. Qol imkanlarını nəzərə alsaq, matç heç-heçə bitməliydi. Niyə penaltini Emin Mahmudov yox, Ramil Şeydayev yerinə yetirdi? Bəzən meydanda kim özünü daha hazır edirsə, o da penaltini vurmaq istəyir. Biz azarkeş kimi baxdıqda penaltiləri həm millidə, həm də klubda Emin Mahmudovun yerinə yetirdiyini görürdük. Məncə, Eminin penalti təcrübəsi Ramildən daha çoxdu. Emin penaltini yerinə yetirə və qola çevirə bilsəydi, daha üstün duruma düşə bilərdik. Ramil haqda neqativ fikir yaratmaq planım yoxdu. Belə anlarda soyuqqanlı olmaq məcburiyyətindəsən ki, komandanı önə çıxarasan. Bu istənilən komanda üçün böyük üstünlükdü. Paltardəyişmə otağına hesabda öndə yollanmaq çox vacib amildi”.
Aslan bəy baş məşqçi Fernando Santuşun yığmadakı işi haqda düşüncələrini də bizimlə bölüşdü:
"Taktiki baxımdan böyük dəyişiklik olduğuna inanmıram. Bir həftə içində bunu dəyişmək qeyri-mümkündü. Meydanın mərkəzində rotasiyalar etmək imkanı var idi. Portuqaliyalı mütəxəssis Emil-Coşqun-Aleksey “üçlüy”ündən istifadə etdi. Həmin oyunçular sayəsində meydanın mərkəzini ələ keçirmək niyyətində idi. Bu özünü hardasa doğrultmuşdu. Bəzi futbolçuların oyun praktikasının az olması problemə çevrilmişdi. Bütün bunlar millinin oyununa təsir edən amillərdi. Yaxşı çıxış etsək də, nəticədə üç xal itirdik".
Kərimov Slovakiya ilə matç haqda da danışdı:
"Evdə daha aqressiv çıxış edən komandaya qarşı çətin oyun olacaq. Slovaklar müdafiə və hücumda daha balanslı çıxış edir. Bu o deməkdi ki, yaratdığımız bütün qol fürsətlərini dəyərləndirməliyik. Növbəti matçın İsveçlə görüşdən daha çətin olacaq”.
AKİF ƏHMƏDOV