AZ

“Udineze” Semedo, Buta və Kina ilə vidalaşdı

İtaliyanın “Udineze” klubu üç futbolçusu – Vivaldo Semedo, Leonardo Buta və Dominqos Kina ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Semedo Portuqaliyanın “Vizela” klubuna icarəyə verilib.

19 yaşlı hücumçu bu mövsümün sonunadək ölkəsində icarədə olacaq. Futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Vivaldo Semedo Lissabon “Sportinq”inin yetirməsidir. İtaliya klubu onu 2022-ci ilin avqustunda 3 milyon avro müqabilində heyətinə qatmışdı. Gənc forvard A Seriyası təmsilçisinin heyətində 6 oyuna çıxsa da, fərqlənə bilməyib. Semedo ötən mövsüm Niderlandın “Volendam” klubunda da icarədə olub – 13 oyun və 1 qol.

Semedo Portuqaliyanın U-17 və U-18 yığmalarında oynayıb, ötən ildən isə U-19-a dəvət alır.

Leonardo Buta “Moreyrense”yə keçib. Əslən Anqoladan olan portuqaliyalı sol cinah müdafiəçisi yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununadək) müqavilə bağlayıb. Portuqaliya klubunun bu transfer üçün udinelilərə nə qədər təzminat ödədiyi açıqlanmır.

Buta “Benfika”nın yetirməsidir. Peşəkar karyerasına “Braqa”da başlamış cinah oyunçusu “Udineze”yə 2022-ci ilin yayında 2 milyon avro müqabilində keçmişdi. 22 yaşlı futbolçu bu klubun əsas komandasında cəmi 2 matça çıxıb. Leonardo ötən mövsüm Portuqaliyanın “Jil Visente” klubunda icarədə də olub. Portuqaliyanın U-17, U-18, U-20 və U-21 yığmalarında oynamış Butaya əsas millidə ehtiyac duyulmayıb.

Əslən Qvineya Bisaudan olan portuqaliyalı yarımmüdafiəçi Dominqos Kina isə Yunanıstanın “Pafos” klubuna keçib. Bu transferin də detalları və 24 yaşlı futbolçunun Kipr təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmır.

“Benfika” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Dominqos, “Vest Hem”, “Uotford”, “Qranada”, “Fulhem”, “Barnsli”, “Elçe”, “Roterem Yunayted” kimi klublarda çıxış edib. Udinelilər Kinanın ötən ilin yayında azad agent kimi heyətə qatmışdılar. Bu komandada cəmi 3 matça çıxmış yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsini “Vizela”da icarədə keçirib. Kina da Portuqaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, əsas milliyə yüksələ bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
arena.az

1Mənbələr