AZ

Paris-2024: Azərbaycan idmançılarından 11 medal!

Azərbaycan idmançıları Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Paralimpiya Oyunlarını (Paris-2024) 11 medalla başa vurublar.

Arena.az xəbər verir ki, bu gün sonuncu təmsilçilərimiz medal şanslarını yoxlayıblar.

3 paracüdoçumuz da tatamiyə çıxıb. Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanə paracüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışıb.

J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva (+70 kq) ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda Nazan Günəşə (Türkiyə) məğlub olub. İsmiyeva bürünc uğrunda təsəlliverici görüşdə venesuellalı Sanabriya Alkala ilə güləşməli olsa da, rəqib tatamiyə çıxmayıb. Nəticədə texniki qələbə qazanan Xatirə bürünc uğrunda amerikalı Qarsiya Kristellaya uduzub.

Eyni çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovan 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzini məğlub edib. Kərimovanın bürünc uğrunda görüşdə rəqibi çinli Vanq Honqyu olub. Məğlub olan paracüdoçumuz yarışı medalsız başa vurub.

J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev (+90 kq) 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edib. Niderlandlı Daniel Kneqtə qalib gələn Zəkiyev bürünc uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb. İlham bu görüşdə monqolustanlı Qanbat Dashtserenə vazzari ilə qalib gəlib və beşinci dəfə qatıldığı Paralimpiya Oyunlarından medalla ayrılıb.

Lamiyə Vəliyeva gümüş medal qazandı

Paraatletletimiz Lamiyə Vəliyeva da bu gün növbəti finalında çıxış edib. T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda qüvvəsini sınayan idmançımız növbəti medalını qazanıb. Braziliyalı Rayane Silva 1-ci olub. Lamiyə Vəliyeva isə 55,09 saniyəlik göstərici ilə gümüş medal qazanıb.

Qeyd edək ki, Lamiyə Vəliyeva bundan əvvəl T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olmuşdu.

Orxan Aslanov Paralimpiya çempionu oldu!

Digər paraatletimiz Orxan Aslanov də Paris-2024-də uğurlu çıxış ilə yadda qalıb. T13 kateqoriyasında uzunluğa tullanma yarışında qüvvəsini sınayan idmançımız qızıl medal qazanıb. O, 7,29 metrlik göstərici ilə hamıdan güclü olub. Bu paralimpiya oyunlarında Orxanın 2-ci qızıl medalı olub. 29 yaşlı idmançımız Tokio-2020-də də qızıl medal qazanmışdı.

Son medal “het-trik” edən Roman Saleydən gəldi

Paraüzgüçümüz Roman Saley (S12 kateqoriyası) də növbəti medalını qazanıb. O, 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun Yay Paralimpiya Oyunlarında 3-cü medalı olub. Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanmışdı.

Bununla da Azərbaycan idmançılarının Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 5-i isə bürünc əyarlıdır.

Medal qazanmış bütün idmançılarımızın siyahısını təqdim edirik:

Qızıl medal
İmaməddin Xəlilov (parataekvondo, 70 kq)
Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma)
Orxan Aslanov (T13 kateqoriyası (uzunluğa tullanma)
Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış)

Gümüş medal
Lamiyə Vəliyeva (400 metr məsafəyə qaçış)
Roman Saley (100 metr məsafəyə arxasıüstə üzmək)

Bürünc medal
Roman Saley (100 metr məsafəyə sərbəst üzmək)
Roman Saley (100 metr məsafəyə “butterfly” üsulla üzmək)
Sabir Zeynalov (parataekvondo, 58 kq)
Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək)
İlham Zəkiyev (paracüdo, +90 kq)

Azərbaycan Yay Paralimpiya Oyunlarının medal sıralamasında hazırda 28-ci pillədə qərarlaşıb. Paralimpiada sabah – sentyabrın 8-də başa çatacaq.

Seçilən
121
arena.az

1Mənbələr