Fikir, söz azadlığı, plüralizmin inkişaf etdirilməsi
“Azərbaycan müəllimi” müasir jurnalistikanın zəruri tələblərinə cavab verir
“Azərbaycan müəllimi” qəzeti 90 yaşını qeyd edir. Nizami Kino Mərkəzində qəzetin yubiley tədbiri keçirilib. “Azərbaycan müəllimi”nin tarixinə nəzər saldıqda bu qəzətin bir çox digər mətbu orqanları kimi əziyyətli dönəmlərdən keçdiyi görünür. “Azərbaycan müəllimi” qəzeti 1934-cü il sentyabrın 2-də “ Kommunist maarifi” adı ilə nəşrə başlayıb. Qəzet “mədəni inqilab”ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi–pedaqoji kadrların formalaşmasına yaxından kömək edib, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayıb. Bu mətbu orqan kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, ilk gündən mövcud çərçivəni aşaraq daha çox ümumxalq qəzeti kimi fəaliyyət göstərməyə çalışıb. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırılıb. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olunub. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək qəzetin nəşri dayandırılıb, qəzetin əməkdaşları döyüşən ordu sıralarına yollanıblar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edib. Qəzetin ilk müəlliflərindən bir çoxu amansız Stalin repressiyalarının qurbanı olub. Bəziləri NKVD zindanlarına atılaraq onlara “xalq düşməni” damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə, başlıcası isə məramına və amalına sadiq qalıb. Şübhəsiz ki, ziyalı kimi tanınmaq və bu adı qoruyub saxlamaq o qədər də asan deyil. Sıravi müəllimindən tutmuş adlı-sanlı elm adamlarına, dövlət xadimlərinədək hamının yekdil fikrinə görə “Azərbaycan müəllimi” təhsilimizin, elmimizin, mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayır və bu ənənəni ölkə təhsilində gedən hərtərəfli islahatlar və qlobal yeniləşmə dövründə də uğurla davam etdirir. Ümummilli Liderimiz Heydər Əliyevin qəzetin 60 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda “Azərbaycan müəllimi”nin fəaliyyətinə layiqli qiymət verilib, qəzetin ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. Məktubda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: «Azərbaycan müəllimi yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublikanın həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikada jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır. Bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir». Artıq oxuculara doğmalaşan, öz sanbalı və nüfuzu ilə fərqlənən “Azərbaycan müəllimi” müstəqil dövlətimizin milli təhsil quruculuğuna, milli-mənəvi dəyərlərə söykənən yeni təhsil sisteminin formalaşması işinə xidmət edir. Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində baş vermiş köklü dəyişikliklər, yüzlərlə yeni məktəbin və əlavə korpusun inşa olunması, tədris ocaqlarının təchizatı məsələlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, təhsil müəssisələrinin qazandığı uğurlar qəzetin aparıcı mövzularındandır. Eləcə də, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi misilsiz qayğı, Fondun dəstəyi ilə reallaşdırılan müvafiq layihələrin cəmiyyətdə, xüsusilə, müəllim və şagirdlər arasında doğurduğu xoş təəssürat “Azərbaycan müəllimi”nin səhifələrində əksini tapır, belə xeyirxah addımlar yaxşı bir örnək kimi təqdim olunur. “Azərbaycan müəllimi” həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin tribunası olub. Müxtəlif illərdə qəzetə rəhbərlik etmiş Rüstəm Hüseynovun, Ağəli Bədəlovun, Mirabbas Aslanovun, Şahin Səfərovun xidmətləri və zəhməti “Azərbaycan müəllimi”nin keçdiyi zəngin inkişaf yolunda və qazandığı uğurlarda öz təcəssümünü tapır. Bu gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. “Azərbaycan müəllimi” məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzetin internet saytı oxucu auditoriyasının daha da genişlənməsinə, pedaqoji maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Qazanılan uğurlardan arxayınlaşmayan “Azərbaycan müəllimi” qəzetinin kollektivi öz fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etdirməkdədir. Kollektivin hər bir üzvü tam məsuliyyətlə anlayır ki, müstəqil dövlətimizin təhsil siyasətinin təbliğatçısı funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli və çətin işdir. Heç bir şübhə yoxdur ki, “Azərbaycan müəllimi” qəzeti öhdəsinə düşən belə ümdə vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcəkdir.
Qəzetin 90 illik yubiley tədbirində çıxış edən baş redaktor Sarvan İbrahimov qəzetin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, “Azərbaycan müəllimi” qəzeti ölkəmizin təhsil salnaməsini yaradan mətbu orqandır. Qəzetin nəşrində başlıca məqsəd ölkədə maarif işlərinin həyata keçirilməsinə dəstək göstərmək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gündəmə gətirmək və onların reallaşdırılmasına nail olmaq idi. Fəaliyyətinin ilk illərindən ölkənin təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran “Azərbaycan müəllimi”nin təkcə respublikamızda deyil, keçmiş ittifaq respublikalarında, hətta xarici ölkələrdə belə oxucuları olub. Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə seçilib, o, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb. Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında “Azərbaycan müəllimi” qəzetinin rolu əvəzsizdir. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub. Nazir bildirib ki, ölkəmizin təhsil sisteminin siması olan müəllimlərimizin adını brendləşdirən qəzet hazırda da elm və təhsil sahəsində aparılan islahatların təbliğində əvəzsiz rol oynayır. Təhsil sahəsində dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub. Gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var. Çünki fikirlər nə qədər çox və müxtəlif olsa, müzakirə zamanı həqiqətə daha da yaxınlaşmaq olar.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yolu milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyi kimi dəyərləndirib. Əhməd İsmayılov çıxışında həmçinin müstəqillik illərində Azərbaycan mətbuatına yaradılan imkanlardan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhəmiyyətli qərarından sonra medianın inkişafı üçün əlverişli şərait yaradıb: “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həyatında medianın rolunu yüksək qiymətləndirərək müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. “Azərbaycan müəllimi” qəzetinin təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu var:
“Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq, “Azərbaycan müəllimi” qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir”. Digər çıxış edənlər qəzetin missiyasına sadiq qalaraq həm elm və təhsil sahəsində, həm də ictimai həyatda baş vermiş önəmli hadisələri işıqlandırdığını vurğulayıblar. Tədbirdə “Azərbaycan müəllimi”nin yeni loqosu təqdim edilib, qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub. Yubiley tədbirində “Azərbaycan müəllimi” qəzetinin saytının yenilənmiş variantı da təqdim edilib. Saytın yenilənmiş variantı yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.