AZ

Yerin ilk atmosferinin qalıqları Ayda gizlənir?

Təxminən 50 il əvvəl NASA-nın “Apollon” missiyaları tərəfindən Aydan gətirilən nümunələri araşdıran mütəxəssislər peykdəki qayalarda maqnit izləri aşkar etmişdilər. Ayın bir zamanlar maqnit sahəsinin olduğunu göstərən tapıntılarla təəccüblənən elm dünyası uzun müddətdir ki, bu sahənin varlığını və ya yoxluğunu sübut etməyə çalışır.

Bəzi alimlər peykin həyatının ilk 2 milyard ilində maqnit sahəsinə malik olduğunu irəli sürürlər. Ayın dəqiq yaşı bilinməsə də, onun 4,5 milyard il əvvəl, Yerdən çox az sonra meydana gəldiyi təxmin edilir.

Yerin nüvəsinin və digər göy cisimlərinin yaratdığı maqnit sahəsi Günəşdən gələn elektrik yüklü hissəciklərə qarşı qorunma təmin edir.

Digər tərəfdən, Ayın çox kiçik bir nüvəyə sahib olması belə bir qalxanın varlığı ilə bağlı suallar doğurur.

Bu sirrə işıq salmaq istəyən tədqiqatçılar, “Apollon” astronavtları tərəfindən peykdən geri gətirilmiş 4,36-3,69 milyard il əvvələ aid 4 qaya nümunəsini araşdırıblar.

Maqnit sahəsi süxurlardakı maqnit mineralları müəyyən bir ardıcıllıqla düzdüyü üçün tərkibində dəmir olan bəzi süxurlar soyuduqları və bərkidikləri zaman maqnit sahəsinin mövcudluğu haqqında fikir verə bilərlər.

Tədqiqat qrupu araşdırdığı süxurlarda peyk boyu maqnit sahəsinə dair heç bir dəlil tapmayıb. Belə ki, yeni araşdırmaya görə, əgər Ayda bir dəfə maqnit sahəsi olubsa, bu qalxan 4,36 milyard ildən çox əvvəl yaranıb və yox olub.

Bəzi qayalarda maqnitləşmə aşkar edilsə də, alimlər buna meteorların zərbələrinin səbəb olduğunu düşünürlər.

Dünən (sentyabrın 6-sı) öz nəticələrini “Communications Earth & Environment” jurnalında dərc edən komanda, peykin ilk 140 milyon ilində maqnit sahəsinə malik ola biləcəyini təxmin edir.

Bu Yerin çox gənc olduğu ilk geoloji zaman olan Hadin dövrünə təsadüf edir. Tədqiqatçılar bu dövrdə maqnit sahəsindən məhrum olan Ayın Yer atmosferinin bəzi hissələrini toplamış ola biləcəyini irəli sürüblər.

“Yerin təkamülü ilə bağlı sirrlərdən biri atmosferin ən qədim tərkibinin əslində nə olmasıdır”, – “Rochester” Universitetindən tədqiqatın həmmüəllifi Con Tarduno “Live Science”ə deyib.

Yer üzündə bunu ölçmək üçün heç bir yol yoxdur.

Bunun əsas səbəbi yer üzündə Hadin dövrünə aid süxur nümunələrinə rast gəlinməməsidir. Yaşı 3,5 milyard ildən çox olan süxurlar çox nadir olsa da, adətən tektonik hərəkətlər nəticəsində məruz qaldıqları dəyişikliklər fikir əldə etməyi çətinləşdirir.

Digər tərəfdən, reqolit və ya Ay torpağı bu cür geoloji hərəkətlərin olmaması səbəbindən qeydləri milyardlarla il əvvələ apara bilir.

Tarduno deyib: “Əgər biz Ayda bu qədim reqolit materialının mövcud olduğu bir yer tapa bilsək, birbaşa ölçmələrdən Yerin ilk atmosferinin nədən ibarət olduğunu müəyyən edə bilərik”.

Planetin ilk atmosferi haqqında bilmək onun necə əmələ gəldiyinə dair aydın təsəvvür yaratmaq üçün çox vacibdir.

Digər tərəfdən, Tarduno bu məlumatın digər planetləri daha yaxşı anlamamıza kömək edəcəyini düşünür: “Əgər biz Yer kürəsini başa düşə bilmiriksə, başqa planetlərin təkamülü haqqında necə nəsə deyə bilərik?”

Seçilən
135
33
vaxt.az

10Mənbələr