AZ

İspaniya XİN: Edmundo Qonzales Urrutiya krallığa sığınıb

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonzales Urrutiyanın Venesuelanı tərk edərək İspaniyaya getdiyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, krallığın xarici işlər naziri özünün “X” səhifəsində yazıb: "Edmundo Qonzales onun xahişi əsasında İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə İspaniyaya uçur".

O, həmçinin qeyd edib ki, İspaniya hökuməti bütün venesuelalıların siyasi hüquqlarına və fiziki toxunulmazlığına hörmət etməyə sadiqdir.

Bundan əvvəl Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges İnstaqramda bəyan etmişdi ki, Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonzales Urrutiya ölkəni tərk edib, İspaniyada sığınacaq. Vitse-prezident bildirib ki, müxalifət liderinin gedişindən əvvəl Venesuela və İspaniya hakimiyyətləri arasında təmaslar olub. O əlavə edib ki, Karakas ölkədə əmin-amanlıq və siyasi sülh naminə beynəlxalq hüquqa uyğun olaraq Qonzales Urrutiyanın Venesueladan getməsi üçün lazımi təhlükəsiz davranışı təmin edib.

Venesuela məhkəməsi seçki komissiyasının səlahiyyətlərini qəsb etməyə cəhddə şübhəli bilinən prezidentliyinə keçmiş namizəd Qonzalesin həbsinə order verilməsi tələbini təsdiqləyib.

Avqustun 22-də Venesuelanın baş prokuroru Tarek Uilyam Saab, Qonzalesin prezident seçkilərində qalib gəldiyi iddia edilən, komandasının səslərin hesablanmasının nəticələrini dərc etdiyi internet saytına görə keçmiş namizədin dindirilməyə çağırılacağını açıqlamışdı.

Nikolas Maduronun seçki qərargahının rəhbəri Xorxe Rodriges müxalifətin seçki məntəqələrindən protokolları saxtalaşdırmasına dair nümunələr təqdim edib. Baş Prokurorluq müxalif siyasətçiyə üç dəfə çağırış vərəqəsi göndərsə də, o, heç vaxt ifadə verməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
127
ikisahil.az

1Mənbələr