AZ

Azərbaycan təhsili: yeniyə – “hə”, köhnəyə – “yox

Təhsil sağlam gələcəyin sütunudur. Özünü inkişaf etdirmək, yüksəlmək, sivil və mədəni cəmiyyətə adaptasiya olmaq, karyera hədəflərinə çatmaq üçün keyfiyyətli təhsil vacibdir. Ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi hesab edirdi.

Dünyada və eləcə də ölkəmizdə təhsilə diqqət, maraq, texnologiyanın tətbiqi daim nəzarətdə saxlanılır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Belçika, Kanada, Yaponiya kimi inkişaf etmiş ölkələrdə müxtəlif təhsil modelləri, özünəməxsus təhsil strategiyaları tətbiq olunur. Başqa sözlə desək, hər bir ölkənin oturuşmuş təhsil baxış bucağı var. Məsələn, beynəlxalq səviyyədə istinad edilən təhsil sisteminə malik Finlandiyada təhsil bərabərlik, çeviklik, tələbəyə diqqət aşıladığı halda, Sinqapurda bilik, intizam və texnoloi tərəqqi vasitəsilə yüksək nailiyyətlər əldə edilir. Almaniya peşə təhsili və əməkdaşlıqlar gələcəyə investisiya etməkdə olduqca maraqlıdır. Yaponiyada isə mədəni dəyərlər və xarakterik təhsil ön plandadır. Bir sözlə, dünyanın müxtəlif təhsil sistemləri özünəməxsusluğu ilə seçilsə də, bir-birindən öyrəniləcək bir çox bilgilər var.

Hələ 2 il əvvəl Londonda 107 ölkədən 112 nazirin iştirakı ilə keçirilmiş Dünya Təhsil Forumunda qeyd edilmişdi ki, təhsilin inkişafı vasitəsilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi, uğurlu iqtisadiyyatların qurulması zəruridir. Forumda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi artım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti də müzakirə edilmişdi.

Heç kimə sirr deyil ki, Azərbaycanda təhsilə böyük qayğı var. Beynəlxalq miqyasda ciddi uğurlar əldə etmişik. Son illər Təhsil Nazirliyinin səlahiyyət və statusunu artırmaq məqsədilə bu qurum Elm və Təhsil Nazirliyi adlandırılıb. Bu, o deməkdir ki, təhsil və elm qarşılıqlı şəkildə inkişaf edəcək, bir-birindən ayrılmayacaq. Nazirliyin tabeliyində bir sıra agentliklərin yaradılması ölkə təhsilinin inkişafı üçün önəmli və ciddi addım idi. Nəzəriyyə varsa, mütləq onun praktikası, real zamanda tətbiqi də olacaq.

Azərbaycanın ilk sistemli təhsilin əsası ibtidai məktəblərin yaradılması ilə başlayıb. Təbriz, Marağa, Ərdəbil, eləcə də Gəncə, Naxçıvan, Şamaxı kimi şəhərlərimiz əzəli təhsil mərkəzləri kimi tanınıb. Tarixi mənbələrdə qeyd olunub ki, XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə də ölkəmizdə təhsil sahəsində xeyli inkişaf olub.

Bu gün Azərbaycanda təhsil daha da əlçatandır. Son illər ali məktəblərə qəbul olmaq üçün plan yerlərinin, xüsusilə də dövlət sifarişli yerlərin artırılması, dərin təhsil islahatları, orta təhsilin gücləndirilməsi, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu və digər proseslər inkişafın hansı səviyyədə olduğunu göstərir. Milli təhsilin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı. Heydər Əliyev 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərmişdir. Bir fakt mütləq qeyd edilməlidir ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, sonrakı mərhələdə bu rəqəm 97,7 faizə yüksəlmişdi. Prezident İlham Əliyev varislik ənənəsinə sadiq qalaraq təhsili əsas prioritet sayır. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri də danılmazdır.

Pandemiya dövründə təhsildə müəyyən qədər durğunluq olsa da, sonrakı illərdə bunun qarşısı alındı. Təkcə bu il 53 məktəbli 11 illik buraxılış imtahanından maksimum 300 balı topladı. Bu rəqəm təhsil tarixində bir ilk idi. Qarabağ, Türkiyə–Azərbaycan, Azərbaycan–İtaliya universitetlərinin yaranmasına və plan yerlərinin artırılmasına baxmayaraq, bu il tələbə qəbulunda yüksək nəticələrin şahidi olduq. Eləcə də şagirdlərimizin olimpiada uğurları, təhsildə nailiyyətləri bizi sevindirir. Azərbaycanda keçirilən Beynəlxalq Təhsil Forumu yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarına yönəlib. Burada əsas məram təhsil keyfiyyətini artırmağa, mövcud vəziyyəti təhlil etməyə, təhsildəki yeni çağırışları müzakirə etməyə yönəlir.

Keçən il Bakı Konqres Mərkəzində təhsil işçilərini bir araya toplayan Azərbaycan müəllimlərinin XVI qurultayında təhsilin bütün sahə və istiqamətləri hərtərəfli müzakirə olundu. Bu qurultay elm, təhsil cameəsi üçün son dərəcə vacib və əlamətdar hadisə idi. Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli lider Heydər Əliyevin 100 illiyində baş tutması və eləcə də ərazi bütövlüyümüz tam təmin edilib, işğaldan azad edilmiş rayonlardakı məktəblərin müəllimlərinin də qurultaya qatılması qürurverici idi. Qurultayda elm və təhsillə bağlı diqqətə çatdırılan mövzular XXI əsrin çağırışlarına tam cavab verirdi. Səsləndirilən fikirlərdən biri o idi ki, bu günün təhsili daha dinamik olmalı, zamanın tələbləri ilə çevik şəkildə ayaqlaşmalıdır. Biz həmçinin dünya təhsil sisteminə sıx inteqrasiyadan geri qalmamalıyıq.

Başlıca məramımız təhsilin məzmununa müasir yanaşmanı təmin etmək olmalıdır. Elm və təhsilin birgə inkişafı olduqca müsbət haldır. Azərbaycan təhsil sistemi məhz bu yolu seçib. Çünki keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz. İnteqrasiya irəliləyişə müsbət təsir edə bilməlidir. Elə formalar tapmaq lazımdır ki, inkişafyönümlü olsun və dövrün tələblərini ödəyə bilsin.

2023-cü il noyabrın 5-də Təhsildə Yeni ağırışlar III Beynəlxalq Forumunda təhsildə yeni çağırışlar müzakirə edilərək, yeni dövrün təhsil tələbləri nəzərdən keçirildi və keyfiyyətin daha da yüksəldilməsinə nail olmağın yol xəritəsi üzərində danışıldı. “Daha təhsilli gələcək şüarı ilə baş tutmuş forum çərçivəsində “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir ”, “Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var ”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq”, “Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı çağırışlara cavab verilməlidir ”, “Gələcəyə necə insan hazırlamalıyıq”, “Yeni çağırışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir mövzuları dərindən müzakirə edildi.

Fərəhli haldır ki, bu gün Azərbaycanda təhsilin bütün pillələrində yeni formalar tətbiq edilir. Bir zamanlar dalana dirənmiş peşə təhsili müəssisələri artıq yeni məzmunda tələbələrini qəbul edir. İldən-ilə peşə təhsili almaq istəyən gənclərin sayı artır. Məsələn, peşə məktəblərinə tələbə qəbulunun 1-ci mərhələsində 2020-ci il üzrə sənəd verənlərin sayı 11 814 nəfər olduğu halda, bu rəqəm 2022-ci ildə 14 876ya çatdırıldı. Bu il isə peşə məktəblərində təhsil almaq istəyənlərin sayı ilk müraciət üçün 27269 nəfər oldu. Bu, tam orta ixtisas təhsil müəssisələrində və universitetlərdə də belədir. Təhsilin əlçatımlığı oxumaq istəyən gənclərin sayını artırır. ünki burada obyektivlik, bərabər imkanlar və sağlam rəqabət var.

Bir sözlə, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən stratei əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Qarşıdan yeni dərs ili gəlir. İnanırıq ki, təhsil ənənələrimiz bu il də davam və inkişaf etdiriləcək.

Rizvan FİKRƏTOĞLU

XQ

Seçilən
144
xalqqazeti.az

1Mənbələr