"Neçə ki, məni öldürməmisiniz, yeni seçkilər olmayacaq..."
Özünü Belarus prezidenti adlandıran Aleksandr Lukaşenko heç vaxt könüllü surətdə hakimiyyətdən getməyə razı olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya "gordonua.com" nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində bəyan edib.
"Lukaşenkonun belorusların yeni prezidentə hazırlaşmalı olduğu barədə bəyanatı bir tərəfdən özünün ölümünün etirafı, digər tərəfdən isə siyasi şıltaqlıqdır. Çünki biz, beloruslar, artıq 30 ildir ki, onun hakimiyyətdən doyduğunu, xalqın isə onun hakimiyyətdə qalmasından ötrü sinov getdiyi barədə sözlərini eşidirik. Bunun sayaqlama olduğu aydındır, onun könüllü olaraq hakimiyyətdən getmək niyyətində olmadığı da aydındır", - o, deyib.
Tixanovskayanın sözlərinə görə, Lukaşenko üçün hakimiyyət həyatın mənasıdır, ona görə də o, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq istəyəcək.
"Mən xatırlayıram, 2020-ci ildə o, Minskdə zavodların birinə gələndə onu fitə basdılar, arxasınca "Çıx, get!" qışqırdılar. O isə belə cavab verib: "Neçə ki, məni öldürməmisiniz, sizin üçün yeni seçkilər olmayacaq". Yəni o, hakimiyyətdən çox möhkəm, özünün sözlərilə desək, göyərmiş barmaqları ilə yapışıb. Onun bəyanatlarına uymağa dəyməz, mübarizəni davam etdirmək lazımdır", - o, deyib.
Tixanovskaya həmçinin qeyd edib ki, Lukaşenko çətin ki, hakimiyyət tranzitinə gedəcək, çünki o, ətrafında olanlardan heç kimə etibar etmir.
"O, böyük oğlunu və ya ön yaxın ətrafında kimsəni təyin edib, özünə Belarus Məclisinin rəhbəri statusunu saxlaya bilər. Lakin yenə də o, buna getməyəcək, çünki bütün sistem şəxsən ona söykənir, o, ətrafında olanlardan heç kimə etibar etmir", - Tixanovskaya deyib.
Belarus müxalifərinin lideri həmçinin bəyan edib: "Belaruslar tamamilə Ukraynanın tərəfindədir, Ukrayna ordusunun, ukraynalıların bir millət kimi cəsurluğu və igidliyinə heyrandır. Amma Lukaşenko bu vəziyyətdə Putinin tərəfindədir, o, Belarusu bu müharibəyə cəlb edib, ölkəni ilk olaraq ukraynalıların gözlərində təcavüzkar ölkəyə çevirib. Bu gün Lukaşenko var gücü ilə Putinə loyallığını nümayiş etdirir", - o, deyib.