AZ

35 min manat pulu mənimsənilən vətəndaş: “Polis təhdidi ilə üz-üzəyəm”

"Təsir altına düşüb 15 illik zəhmətimi Sabir Hüseynova yedirtdim”

"Mənim halal pulumu Sabir Hüseynov şirnikləndirici vədlərlə əlimdən alıb. Doqquz ildir ki, çöllərdə qalmışam. İki dəfə məni polis rəisinin yanında şərləyib həbs etdirməsi ilə hədələyib. Deyir ki, pulu tələb etmə. İndi də polis təhdidi ilə üz-üzəyəm”.

51 yaşlı Rusiya vətəndaşı Elxan Əmirxan oğlu Əmirov Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, 2015-ci ildə Rusiyada çalışıb, daha sonra Cəlilabadın Soyuqbulaq kəndinə qayıdaraq kənd təsərrüfatı sahəsində iş qurmaq istəyib.

Deyir ki, Prezidentin ölkədə iş qurmaq və investisiya yatırmaq üçün xaricdə yaşayan azərbaycanlılara çağırışı onu da tələyə salıb. Qazandığı 35 min manatı götürüb ölkəyə qayıtması ona baha başa gəlib.

Elxan Əmirovun dediyinə görə, onun pulunu Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin keçmiş rəhbəri Sabir Hüseynov mənimsəyib.

Bildirir ki, həmin vaxt vəzifəsində çalışan Sabir Hüseynov: "Sənə torpaq satacağam, pulu gətir”, – deyə onu aldadıb. Amma ötən 9 ildə nə torpaq, nə də pulunu ala bilib: "Prezidentin çıxışı məndə inam yaratdı. Kəndimizdə iki hektar bələdiyyə torpaq sahəsi alıb ferma tikmək, kənd təsərrüfatı ilə məşğul olmaq istədim. Planım südlük heyvan, ev quşları üzrə kənd təsərrüfatı qurmaq idi. Məni icra hakimiyyətində Sabir Hüseynov qəbul etdi. Ramiz Mehdiyev, Kərəm Həsənovla telefonda canlı danışığını əsas gətirib özünə inam yaratdı. Dedi ki, mart ayıdır, indi taxıl əkilib, biçiləndən sonra sənə torpaq verəcəyəm. Hətta dedi ki, "Heyvan bazarı” ərazisində sahəni də sənə satacağam. Sonra dedi ki, iri ərzaq mağazam var, gəl pul qoyub ortaq işlədək. O qədər inandırıcı danışdı ki, inandım”.

Elxan Əmirov. 
Foto: Meydan TV

"Martın sonunda 30 min pulu qardaşımın şahidliyi ilə onun əvvəl "Ucuz” adı ilə tanınan marketində üç dəfəyə aldı. Hər birində də on min manat pul verdim. İndi bu marketin adını çoxsaylı aldatma əməlinə görə dəyişib "Ailə” qoyublar. 250 min rublu, yəni 5050 min manatı da borc kimi aldı ki, qaytaracağam. Aradan günlər keçdi. Yenə zəng edib dedi ki, əlavə pul gətir, ticarət yaxşı getsin. Dedim ki, olan-qalan pulumu sənə vermişəm. Nəsə səs çıxmadı, taxıl da biçildi, kartof, noxud da satıldı, amma torpaq verilmədi. Pulumu istəyəndə dedi ki, get Rusiyaya gələn il məhsul satıb verəcəyəm”, – deyə o bildirib.

"Hədələdi ki, səni narkotiklə şərləyib həbs etdirəcəyəm”

Vətəndaş deyir ki, təkrar Rusiyaya qazanc dalınca gedib, qayıdanda yenə eyni süründürməçiliklə üz-üzə qalıb. 2018-ci ilin iyununda isə Sabir Hüseynovun Cəlilabad Rayon İcra Hakimiyyətində tutduğu vəzifədən uzaqlaşdırıldığı xəbərini alıb. Göytəpə şəhər icra nümayəndəsi vəzifəsinə təyin olunan Sabir Hüseynov yenə ona boş vədlər verib, pulunu qaytarmayıb, həmçinin vətəndaşı hədələyib ki, şikayət etməsin.Deyir ki, bu hədəyə Göytəpə şəhər polis rəisi Asif İmanov da şahidlik edib, amma heç bir kömək etməyib:

Foto: Cəlilabad Rayon İcra Hakimiyyəti

"Yenə pulumu tələb edəndə öncə yalvardı ki, indi pulum yoxdur. Göytəpədə Asif İmanovla birgə 100 hektar kartof əkmişəm. Bu dəfə kartofu satıb pulunu mütləq qaytaracağam. Gözlədim, qaytarmadı. Gedib tələb edəndə məni iş ortağı olan polislə hədələməyə başladı. İki dəfə hədələdi ki, səni narkotiklə şərləyib həbs etdirəcəyəm. Nəhayət, bezib 2022-ci ilin 14 sentyabrında şikayətlərimə baxılmadığı üçün Daxili İşlər Nazirliyinin "Qaynar xətti”nə zəng etdim. Məni Cəlilabad Rayon Polis Şöbəsinə yönəltdilər. Orada da üzümə dedilər ki, adamın pulunun, mülklərinin sayı hesabı yoxdur və yüzlərlə səni kimi adamı aldadıb. Polisdə məndən öncə 2500, sonra 1000 manat aldılar ki, işə baxacağıq, amma yenə baxmadılar, yola verdilər”.

"Puldan onlara da çatıb deyə susurlar, Sabirə toxunmurlar”

Elxan Əmirov rayonda şikayətlərinə baxılmadığını görüb 2023-cü ilin fevralında daxili işlər naziri Vilayət Eyvazovun qəbuluna yazılır. Bunu eşidən Cəlilabad rayon polis idarəsinin rəisi Polad Qarayev dərhal vətəndaşı yanına çağırır. Orada Sabir Hüseynovla vətəndaşı üzləşdirir və icra nümayəndəsinin dilindən izahat alır ki, yay mövsümündə kartof satılanda vətəndaşın pulu geri qaytarılacaq.

Dediyinə görə, hətta plana uyğun şəkildə təhqiqatın rəisi Tahir Fərzəliyev və təhqiqatçı Rəvan Əliyev də etiraf edirlər ki, vətəndaşdan 1000 manat rüşvət alınıb.

Vətəndaşın fevralın 15-də nazirlə görüşündən ehtiyatlanan rəis üzrxahlıq edir və 2023-cü ilin fevralın 1-də həmin 1000 manat geri qaytarılır. Ancaq aidiyyəti güc strukturları Sabir Hüseynova təsir edə bilmirlər.

Cəlilabad Rayon Polis Şöbəsi. 
Foto: DİN

Elxan Əmirov bunun səbəbini rayonda bütün güc strukturlarının Sabir Hüseynovla ortaq iş birliyində görür. O deyir ki, çoxlu biznes şəbəkələrinə sahib Hüseynovlar ailəsi Cəlilabadda "toxunulmazdır”.

Sabir Hüseynov 2022-ci ildə sonuncu işindən də kənarlaşdırılsa da, sahib olduğu biznes şəbəkəsi sayəsində böyük iş adamıdır: "Onun rayonda 100 hektar torpaq sahəsi, Təklə kəndində eyni adlı iri şadlıq sarayı, iri meyvə bağı, tikinti mallar korporativi, yanacaqdoldurma məntəqəsi, iki marketi, iri təndirxanası, bağçası var. Arvadı da bağça müdiridir. Bağça ərzaqlarını öz marketlərində satdırırlar. Rayonda həyət, bina evləri ilə yanaşı, Bakıda milyonerlər mərhələsində villası, ayrıca mənzili var. Bunlar mənim dəqiq bildiklərimdir. Rayonda 7 qardaş mafiyası qurublar. Qardaşı Füzuli Hüseynov rayon torpaq şöbəsinin müdiri, digər qardaşı Yaşar Əliyev səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin əməkdaşı olub. Saxta hərbi bilet satırdı, yaxalandı. Sonra Bakıya, Səbailə düzəltdilər. Orada da əməlləri üzə çıxanda tutdular, 9 il həbs verdilər. Ataları uzun illər bələdiyyə sədri olub. Hamısı əlbir olub rayonda xeyli torpağı gah sənədləşdiriblər, gah da zəbt ediblər. Keçmiş icra başçısı Namiq Zeynalovun dövründə bu qardaşlar at oynadıb, xeyli rüşvət yığıblar, xeyli sahibkarın pulunu mənimsəyiblər. Amma icra başçısı tutulub, bunlar yox. Bütün güc strukturlarına da o puldan çatıb deyə susurlar, Sabirə toxunmurlar”.

Elxan Əmirov deyir ki, 27 illik işindən çıxarılanda Sabir Hüseynov saxlanılıb, cibindən 60 maaş kartı çıxıb, amma həbs edilməyib.

"Rəis dedi ki, mənlik deyil, get özün həll et”

O, rəisin onları üzləşdirməsini də öncədən planlaşdırılmış oyun sayır: "Hətta polis rəisi belə onu mənlə üzləşdirəndə hiss etdim ki, bu qurma oyundur. Polis rəisi Polad Qarayev pulumu geri almaq əvəzinə dedi ki, sən qayıt Rusiyada qazan, göndər xərcləyək. Yazılı izahat belə oyun idi. İyunun 19-da polisə getdim ki, sahədə kartof yoxdur, Sabir də pulumu qaytarmır. Rəis dedi ki, mənlik deyil, get özün həll et. Keçmiş qərargah rəisi Seyidrza Təhməzov Sabirə zəng etdi, Sabir də dedi ki, narahat olmayın, gəlib sizi görəcəyəm, Elxanı boş verin”.

Foto: Meydan TV

Bundan sonra, 2023-cü il oktyabrın 28-də vətəndaş yenidən daxili işlər nazirinin müavini Seyfulla Əzimovun videoformatda keçirilən qəbulunda olub. O da şikayəti Cəlilabad Rayon Polis İdarəsinə yönəldib, amma nəticə olmayıb: "Dedim ki, baxmırlar, məni şərləyəcəklər. Dedi ki, tapşırmışıq baxılacaq, amma baxılmadı. Rəisin yanında Sabir Hüseynov dedi ki, bunu maşınla vurub öldürtdürəcəyəm.Amma rəis heç bir reaksiya vermədi, irad bildirmədi. Faktiki Rusiya vətəndaşıyam deyə deyirlər ki, işinə baxmayacağıq. Nə edəcəksən?”.

"Hiyləgərin tələsinə düşmüş sadə bir kəndliyəm”

Ötən ildən ölkə başçısı, birinci vitse-prezident, Baş Prokurorluq, Rusiya səfirliyi, Xarici İşlər Nazirlyi, Daxili İşlər Nazirliyi və digər qurumlara müraciət edən vətəndaşa heç bir müsbət geridönüş olmayıb: "İndi ümidim mətbuata və daxili işlər naziri Vilayət Eyvazovun ayın 19-dakı qəbuluna qalıb ki, bəlkə, nəsə kömək edildi. Hazırda isə ata evində üç övladım ilə imkansız, köməksiz vəziyyətdə qalmışam”.

Dediyinə görə, rayon rəhbərliyi xəbər tutanda onun görüşlərinə də mane olur: "Ən son yenə Yardımlıda Vilayət Eyvazovun qəbuluna düşmək istədim, icra başçısı Rafiq Cəlilov xəbər tutub mane oldu. Rayon rəhbərliyi şikayətimi diləmək istəmir ki, Sabir bilsə, yaxşı olmaz. Çünki qorxurlar, gözü kölgəlidirlər. Hiyləgər adamdır, hamını manpulyasiya edə bilir”.

Kamran Əliyev. 
Foto: Azərtac

Elxan Əmirov hətta Baş prokuror Kamran Əliyevlə də görüşdüyünü, amma şikayətinin nəticəsiz qaldığını deyir: "Bu ilin mart ayında Baş prokuror Kamran Əliyev dərdimi dinləyəndə dedi ki, Sabirin sui-istifadə əməlinin qurbanısan. Amma o da kömək etmədi. Məhkəməyə güclü vəkil lazımdır, ona da gücüm çatmır. Qardaşımı şahid saymırlar, güclü dəlil tələb edirlər. İki səs yazısı vardı, onu da köhnə telefonumda polis itirdi. Dedilər ki, Sabirə belə qalib gələ bilməzsən. Mən bilmədən bu hiyləgərin tələsinə düşmüş sadə bir kəndliyəm. Təsirə düşüb 15 illik zəhmətimi ona yedirtdim. İndi də nə Rusiyaya gedə, nə də pul qazana bilirəm”.

Cəlilabad Rayon Polis İdarəsinin 24 sentyabr 2022-ci il cinayət işinin başlanılmasının rədd edilməsi qərarından məlum olur ki, tərəflər arasında pul sövdələşməsi olub. Həmçinin Sabir Hüseynov aldığı pulu geri qaytarmaqdan imtina edərək vətəndaşı öldürtməklə hədələyib. Həmin qərarda polis vətəndaşa 35 min manatdan 2600 manat pulun Sabir Hüseynov tərəfindən geri qaytarılmasını qeyd etsə də, vətəndaş 1 manat belə pul almadığını, ancaq polisin diqtəsi ilə buna razı olduğunu bildirib.

Qərarda bildirilir ki, vətəndaşın müraciəti mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edə bilər.

Vətəndaş isə deyir ki, məbləğ böyük olduğuna görə polis bunu mülk işə çevirməli deyil, dələduzluq maddəsi ilə cinayət işi açmalı və vətəndaşı müdafiə etməlidir.

Sabir Hüseynov: "Mənim kimi abırlı adamları şərləyirlər…"

Meydan TV məsələ ilə bağlı keçmiş məmur, indiki sahibkar Sabir Hüseynovla əlaqə saxlayıb.

O isə Elxan Əmirovun dediklərini "çeynənmiş ittiham və böhtan” adlandırıb.

Polisdəki pulalma ilə bağlı izahata və vətəndaşın ondan şikayətlərinə gəldikdə isə çox danışa bilmədiyini əsas gətirərək mövzudan yayınıb: "Bütün orqanlar bunu bilir, araşdırılıb, istintaqı gedib. Çeynənmiş ittihamdır. O adam yalançıdır, böhtançıdır. Hamını aldadır. Tanımadığım adama da dərdimi niyə deməliyəm? Həyatdır da, hər cür insan var. Yalançı adamdır, qanunun keşiyində duran adamların qəbulunda olub. Mənim kimi abırlı adamları şərləyirlər. Döşəyirsiniz sualları qabırğama, amma bilmirsiniz nə nədir? Çox danışa bilmirəm, üzürlü sayın”.

Cəlilabad Rayon Polis İdarəsindən isə bildiriblər ki, hadisəyə ancaq DİN-in mətbuat xidməti şərh verə bilər. Hətta iş üzrə təhqiqatı aparan Seyidrza Təhmasib də:

"Xeyr, işi mən araşdırmadım”, – deyə telefonu söndürüb.

DİN: "İddialar həqiqəti əks etdirmir və heç bir əsası yoxdur”

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev isə bildirib ki, Elxan Əmirovun səsləndirdiyi iddialar həqiqəti əks etdirmir: "Onun sözügedən müraciəti ilə əlaqədar Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılıb və müraciətin mülki xarakterli məsələ olduğu müəyyən edilib. Elxan Əmirova həmin mülki tələblə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilib”.

"Bu qədər dəlil, sübutla niyə haqsız, böhtançı olum ki?”

Bir gün sonra isə vətəndaş əlaqə saxlayaraq həyatının təhlükədə olduğunu deyib.

Dediyinə görə, onu Cəlilabad Rayon Məhkəməsinə çağırıblar: "Məhkəməyə getdim. Rəis Polad Qarayev məhkəməyə tapşırıb ki, məni həbs etsinlər, ya dilimdən izahat alınsın ki, 19 sentyabr Vilayət Eyvazovun qəbuluna düşə bilməyim. Məhkəmədə də tələb edirlər ki, həmin video izahatımda əsəbi olub polisə şər atdığımı qeyd edim. Razı olmadım. Deyirlər ki, beş vəkil tutsan belə, Sabiri müdafiə edəcəyik”.

Məhkəmə ayın 10-a təyin olunub.

Vətəndaş orada şərlənərək həbs ediləcəyindən qorxur: "Öldürsələr, həbs etsələr belə təkzib vermərəm. Bu qədər dəlil, sübutla niyə haqsız, böhtançı olum ki?!”.

Seçilən
40
arqument.az

1Mənbələr