AZ

Müttəfiqlər Ukraynaya 1,5 milyard dollar ayırdı - Kiyevin gözlədiyi qərar sabah açıqlanacaq

ABŞ və Böyük Britaniya enerji sisteminin bərpası və humanitar yardım üçün Ukraynaya daha 1,5 milyard dollar ayıracaq. 

“AzPolitika” xəbər verir ki, bu barədə adları çəkilən ölkələrin xarici işlər nazirləri Kiyevdə Ukraynanın Rusiya ərazilərinə qarşı uzaqmənzilli raketlərdən istifadəsinə icazənin verilməsinin müzakirə olunduğu görüşdə bildiriblər.

ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, Vaşinqton Ukraynaya 700 milyon dollardan çox vəsait verəcək. Bunlardan 325-i Rusiya ordusu tərəfindən dağıdılmış enerji obyektlərinin bərpası və ehtiyat enerji təchizatının təmin edilməsi üçün istifadə olunacaq. Daha 290 milyon dollar isə həm ölkə daxilində, həm də xaricdə ehtiyacı olan ukraynalıların qida, mənzil, tibbi xidmət və təhsilə xərclənəcək. Qalan 102 milyon isə minatəmizləmə işlərinə gedəcək.

Ötən həftə ABŞ həmçinin Ukraynaya hava hücumundan müdafiə raketləri və artilleriya da daxil olmaqla 250 milyon dollarlıq hərbi yardım edəcəyini açıqlamışdı.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kiyevdə ölkəsinin Ukraynaya humanitar yardım və kredit şəklində 782 milyon dollar ayıracağını bildirib.

"Biz Ukraynanın qələbəsinə tam sadiqik. Putinə kollektiv mesajımız ondan ibarətdir ki, dəstəyimiz sarsılmayacaq", - Blinken deyib.

Blinken və Lammiyanın səfəri zamanı Kiyevdə dəfələrlə hava hücumu xəbərdarlığı səslənib və bu, görüşün qrafikini gecikdirib və təşkilatçıları əklil qoyma mərasimini ləğv etməyə məcbur edib.

Həmçinin danışıqlar zamanı Ukraynanın Rusiyadakı hərbi hədəflərə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəsinə icazə verilməsi müzakirə olunub. Blinkenin sözlərinə görə, bu məsələni sabah, sentyabrın 13-də Vaşinqtonda ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer görüşəcəkləri zaman müzakirə edəcəklər.

“AzPolitika.info”

Seçilən
58
azpolitika.info

1Mənbələr