Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) "İstanbul Klinika"sında nöqsanlar aşkarlayıb.
İqtisadiyyat.az xəbər verir ki, buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və iş hakim Elçin Ağayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmə protokolu təsdiqləyərsə, klinikanı 8 min manatadək cərimə gözləyir.
Çünki protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "İstanbul Klinika"sının direktoru və qanuni təmsilçisi Quliyev Əhməd Əli oğludur.